Son günlərdə sosial mediada və bəzi qapalı platformalarda "Global Olympiad Center"in (GOC) təşkil etdiyi beynəlxalq olimpiada və yarışlarla bağlı əsassız, qərəzli və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayılması təəssüf doğurur.
“Report” xəbər verir ki, bunu Mərkəzin direktoru Xəyal İbrahimzadə qurumun keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, valideynlərdən birinin yaydığı iddialar təkcə hüquqi deyil, eyni zamanda əxlaqi və peşəkar baxımdan da qəbuledilməzdir:
“Valideyn iddia edir ki, övladıının FİSO yarışmasında iştirakı üçün 5 min manat ödəniş edib və bunun qarşılığında qeyri-müəyyən, beynəlxalq statusu olmayan bir tədbirdə iştiraka cəlb edilib. Həmin vətəndaş bu il mayın 13-də GOC ilə rəsmi müqavilə imzalayıb. Həmin müqavilədə iştirakın tam şərtləri, xidmətlər və ödəniş detalları açıq şəkildə qeyd olunub. Valideyn müqavilə ilə razılaşaraq qəyyum statusu ilə səfərə qatılıb və imzası ilə bu razılığı təsdiqləyib. Müqaviləyə əsasən valideyn üçün nəzərdə tutulan xidmətlərə təyyarə bileti, oteldə yerləşmə, gündəlik qidalanma, şəhər turları və beynəlxalq tədbirdə iştirak hüququ daxildir. Bu xidmətlər paketi üçün valideynlərə əvvəldən 1600 dollar, şagirdlər üçün isə medal nəticələrindən asılı olaraq 1650-1700 dollar aralığında rəsmi ödəniş təklif olunub. Bu məlumat valideynlərə həm yazılı, həm də şəxsən keçirilmiş görüşlərdə dəfələrlə izah edilib”.
X.İbrahimzadə bildirib ki, tədbir hüquqi, təşkilati və beynəlxalq səviyyədə tam qanuni şəkildə keçirilib, iştirakçılara və valideynlərə qarşı heç bir məsuliyyətsizlik və ya pozuntu olmayıb:
"Ona görə də valideynin yaydığı “feyk, saxta olimpiada”, “şəffaf olmayan ödənişlər”, “aldadılma” kimi iddialar tamamilə əsassızdır və GOC-un nüfuzuna və əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlara qarşı məqsədli atılmış böhtan xarakteri daşıyır”.
Direktor vurğulayıb ki, GOC daim şəffaf, məsuliyyətli və qanunlara uyğun fəaliyyət göstərib:
"Quruma qarşı məqsədli şəkildə etibar və reputasiya pozucu fəaliyyət həyata keçirilir. Bu səbəbdən GOC-un hüquqi maraqlarını qorumaq, yayılan qərəzli və böhtan xarakterli məlumatların rəsmi qaydada və obyektib araşdırılması məqsədilə valideyn barəsində məhkəmə iddiası qaldırılacaq. Yayılan yalan məlumatlar, böhtan xarakterli ittihamlar və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş hərəkətlər hüquq çərçivəsində araşdırılacaq və hüquq qarşısında məsuliyyət təmin ediləcək”.
X.İbrahimzadə həmçinin xatırladıb ki, beynəlxalq tədbir olması üçün minimal şərt iki və ya daha çox ölkənin iştirakıdır:
"FISO-2025" yarışında isə 16 ölkə təmsil olunub və bu tədbir dünya üzrə 40-a yaxın ölkədə tanınan və keçirilən beynəlxalq yarışmadır".