BAKI, 25 iyun. TELEQRAF
Qış fasiləsində “Qarabağ”dan Braziliyanın “Flamenqo” klubuna transfer olunan Olavio Juninyo bir neçə klubdan təklif alıb.
Teleqraf “Bolavip Brasil”a istinadən xəbər verir ki, ilin əvvəlində Rio-de-Janeyro təmsilçisinin heyətinə qatılan 29 yaşlı hücumçu gözləntiləri doğrultmasa da, bir neçə xarici klubun diqqətini çəkə bilib.
Bu klublar danışıqlara başlamazdan əvvəl oyunçunun vəziyyəti ilə maraqlanıblar.
Mənbənin məlumatına görə, Juninyo meydanda az şans qazanmasından narazı olsa belə, “Flamenqo”da qalmağa qərar verib.O, baş məşqçi Filipe Luislə danışıb və mövsümün sonuna qədər klubda uğur qazanıb-qazanmayacağına baxmaq üçün karyerasına ölkəsində davam edəcək.
Klubun əfsanəvi oyunçularından olan Qabriel Barbozanın yerinə gələn Juninyo “Flamenqo”ya böyük təzyiq altında tranfer olunub. Əsas problem isə odur ki, o, karyerası boyunca heç vaxt tipik qolçu olmayıb. "Sambaçı" nəinki mərkəz, əsasən ikinci hücumçu kimi çıxış edib.
Ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən braziliyalı futbolçu klublararası dünya çempionatında (KDÇ) ilk dəfə bu gecə “Los-Anceles”lə matçda meydana çıxıb və heç nə ilə yadda qalmayıb. Baş məşqçi Filipe Luis də ona çox da güvənmir.
Hətta KDÇ-də İngiltərənin “Çelsi” komandası ilə oyunda Luis onun əvəzinə gənc futbolçu Uolles Yanı meydana buraxmağı üstün tutub. Yan gözəl qol vuraraq media və azarkeşlərin diqqətini çəkib. Bu hal isə getdikcə kənarda qalan Juninyonun azarkeşlər arasında transferinin səhv olub-olmaması ilə bağlı müzakirələrə səbəb olur.
Qeyd edək ki, Olavio Juninyoya İspaniya nəhəngi “Sevilya”dan da rəsmi təklif olmasına baxmayaraq, “Flamenqo” ilə 4 illik müqavilə imzalayıb. 2023-cü ilin yayından 2024-cü ilin sonuna qədər “Qarabağ”da forma geyinmiş 29 yaşlı forvard ağdamlıların heyətində 81 oyunda 42 qol vurub.