AZ

“Zebra”da piyadaya yol verməyən sürücü necə cərimələnir? RƏSMİ AÇIQLAMA FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Piyada keçidlərində təhlükəsizliyin təmin olunması şəhər nəqliyyatının ən vacib məsələlərindən biridir. Lakin təəssüf ki, bəzi sürücülər piyadalara yol vermək qaydasını ya unudur, ya da bilərəkdən pozurlar. Nəticədə, bu, qəzalara və ciddi narazılıqlara səbəb olur. Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya əsasən, piyada keçidlərində baş verən yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz sürücülərin bu qaydaya əməl etməməsi ilə bağlıdır.

Son illərdə bu cür halların qarşısını almaq üçün bir sıra tədbirlər görülür: cərimələr tətbiq edilir, kameralar vasitəsilə nəzarət gücləndirilir, maarifləndirici aksiyalar təşkil olunur. Amma görəsən, piyada keçidlərində yol verməyən sürücülərə qarşı tətbiq olunan cəza mexanizmi necə işləyir və bu tədbirlər sürücülərin davranışını dəyişdirməyə nə qədər təsir edir?

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir:

“Əsas məqsədimiz piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayını minimuma endirməkdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, sağa və ya sola dönən sürücü, dönəcəyi yol hərəkəti hissəsini keçməkdə olan piyadaya mütləq şəkildə yol verməlidir.

Əks təqdirdə, ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən vizual şəkildə və eyni zamanda xüsusi texniki vasitələrin köməyi ilə bu hallar aşkar edildikdə, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən, 50 manat məbləğində cərimə nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq, sürücü və piyadalardan diqqətli olmalarını, qaydalara ciddi şəkildə riayət etmələrini xahiş edirik”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr