AZ

Finlandiya Rusiya ilə sərhəddə tikilən səddin ikinci hissəsinin inşasını tamamlayıb

Bakı, 25 iyun, AZƏRTAC

Finlandiya Rusiya ilə sərhəddə inşa olunan səddin ikinci hissəsində tikinti işlərini tamamlayıb.

AZƏRTAC xəbər verir ki, Yle teleşirkəti bu barədə Finlandiyanın Sərhəd Mühafizə Xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, səddin Kaynuu rayonunda yerləşən və səkkiz seqmentdən ibarət yeni hissəsinin uzunluğu təxminən 18 kilometrdir. Bundan öncə səddin 35 kilometrlik hissəsinin artıq hazır olduğu bildirilmişdi.

Finlandiya parlamenti 2022-ci ildə ölkənin şərq sərhədində səddin tikintisi üzrə layihəni təsdiqləyib. 2023-cü ildə inşasına başlanılan sədd ölkənin Rusiya ilə 1300 kilometrlik sərhədinin təxminən 200 kilometrini əhatə edəcək.

Helsinki, həmçinin Rusiya ilə sərhədi nəzarətdə saxlamaq üçün süni intellektdən, gecəgörmə və infraqırmızı işıqlandırma funksiyaları ilə təchiz olunmuş kameralardan istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Finlandiyanın hakimiyyət orqanları 2023-cü ilin dekabrında Rusiya ilə bütün quru keçid məntəqələrini bağlayıb.

Seçilən
41
50
azertag.az

10Mənbələr