AZ

Rusiyanın İranla bağlı hiyləgər addımı – Tehranın arxasında gizləndi…

Son dövrlər dünya mediasının diqqət mərkəzinə Yaxın Şərqdəki gərginliklər, xüsusilə də İran-İsrail müharibəsidir. Rusiya-Ukrayna müharibəsi sanki informasiya səhnəsindən silinmiş kimi görünür. Hərçənd bu müharibə hələ də gedir və regionda, eləcə də qlobal təhlükəsizlik sistemində mühüm dəyişikliklərə səbəb olmaqda davam edir.

Beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılması təsadüfi prosesdirmi, yoxsa məqsədli informasiya strategiyasının tərkib hissəsidir?

Hazırkı prosesləri necə qiymətləndirmək olar? Bu yeni regional toqquşmalar Ukraynadakı vəziyyətə necə təsir edir?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, bu gün baş verən hadisələrin kökündə Qərbin, xüsusilə ABŞ-ın uzun illərdir apardığı xarici siyasət dayanır:

“Həm Ukrayna-Rusiya savaşı, həm də İran-İsrail qarşıdurması nəticə etibarilə Qərbin hegemon siyasətinin məhsuludur. İllərdir Qərbin həm Rusiya, həm də İrana qarşı yürütdüyü strategiyalar, bu gün Üçüncü Dünya müharibəsi ehtimalına qədər gəlib çıxıb.

Burada əsas məsələ hegemonluqdur. Qərb, xüsusilə ABŞ, özünü dünyanın əsas gücü olaraq görür və bu mövqeyini qorumaq üçün hər vasitəyə əl atır bura silahlandırma, siyasi təzyiqlər və münaqişələrin təşviqi də daxildir. Ukrayna-Rusiya müharibəsi də bu çərçivədə dəyərləndirilməlidir.

Rusiyanın Krımı işğal etməsi və ardınca digər bölgələrdə irəliləməsi, əslində Ukraynanın Qərb tərəfindən illərlə qızışdırılmasının nəticəsidir. Ukrayna bir alətə çevrilərək, Rusiya ilə qarşı-qarşıya qoyulub. ABŞ bu prosesdə dolayı yolla münaqişəni yönləndirir və eyni zamanda açıq şəkildə dəstək verir. Eyni yanaşma İsrail-İran münasibətlərində də müşahidə olunur. İsrailin Yaxın Şərqdə hegemonluq siyasəti, torpaqların işğalı və İranı təhdid etməsi də ABŞ-ın dəstəyi ilə həyata keçirilir”.

Politoloqun sözlərinə görə, ABŞ bu məsələlərə birbaşa və ya dolayı şəkildə müdaxilə edir:

“Halbuki əvvəllər münaqişələrə qarışmayacağını bəyan edirdi. Lakin son zamanlarda, məsələn, İranın vurulması hadisəsi göstərdi ki, ABŞ artıq açıq şəkildə müharibəyə daxil olur. Hadisədən bir gün sonra artıq “sülh masası”ndan danışması isə bunun siyasi manipulyasiya olduğunu sübut edir.

Bütün bu hadisələr ABŞ və Qərbin planlaşdırdığı oyunların bir hissəsidir. Onlar istədikləri istiqamətdə münaqişələri idarə edir və region ölkələrinə təzyiq göstərirlər. Ukrayna-Rusiya müharibəsi və İran-İsrail qarşıdurması, hər ikisi sadəcə regional yox, qlobal güclərin rəqabətinin təzahürüdür.

ramiye

Ramiyə Məmmədova

Burada diqqət çəkən məsələ odur ki, ABŞ-ın qarşısında daha ciddi rəqiblər var. Məsələn, Rusiya Prezidenti Vladimir Putin həm təcrübə, həm strateji baxımdan daha üstün və güclüdür. Rusiya dövlət olaraq zəifləməyə başlasa da, siyasi liderlik baxımından hələ də Qərbin qarşısında dayana bilir.

İsrail-İran qarşıdurmasına gəldikdə isə, bu münaqişənin sadə şəkildə bitəcəyini düşünmək real deyil. İran bu hücumları unutmayacaq. Bu dövlət sadəcə diplomatik yollarla deyil, dolaylı yolla müttəfiqləri və proksi qüvvələri vasitəsilə də cavab verəcək və bölgədə öz təsirini hiss etdirəcək”.

Ramiyə Məmmədovanın fikrincə, bu qarşıdurmaların fonunda Azərbaycan dövləti balanslı və milli maraqlara əsaslanan bir siyasət yürütməlidir:

“Hər hansı bir dövlətin işğalçı siyasətinə dəstək vermək və ya ərazimizdən başqa bir ölkəyə qarşı istifadə edilməyə imkan yaratmaq bizim milli mövqeyimizə uyğun deyil.

ABŞ sülh gətirdiyini iddia etsə də, faktiki olaraq müharibəni daha da dərinləşdirir. Bu gün Yaxın Şərqdə bir çox ölkələrdə atəş səsləri eşidilir. Unutmaq olmaz ki, İran Fələstin deyil. İran öz mövqeyini müdafiə edə biləcək dövlətlərdən biridir. Ona görə də İsrail-İran müharibəsinin bu qədər asanlıqla bitəcəyini gözləmək olmaz. Atəşkəs olsa belə, İran bu hadisələri unutmayacaq və müvafiq cavablarını zamanla müxtəlif formalarda verəcək.

Ukrayna məsələsinə qayıtdıqda isə, bu ölkənin qərbin təsirindən çıxması yaxın vaxtlarda mümkün görünmür. Ancaq zamanla anlayacaqlar ki, sadəcə işğal faktını dayandırmaqla torpaqlar geri qaytarılmır və insan itkisi heç bir uğura səbəb olmur. Sonda isə Ukraynanın yenə də Rusiyanın təsir dairəsində qalacağı ehtimalı güclənir”.

Seçilən
5
1
turkustan.az

2Mənbələr