Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Yevgeni Kukseviç bu təyinatına münasibət bildirib.
Arena.az xəbər verir ki, 53 yaşlı məşqçi Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Milli komandada işləmək böyük məsuliyyət və şərəfdir. Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsınlar və daim nəzarətimizdə olsunlar. Onların inkişafı çox vacibdir. Tək məşqlərlə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.
Xatırladaq ki, bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələyə də baxılıb. Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.
