AZ

Hüseynbala Mirələmov: Ömrümü şərəflə, alnıaçıq yaşamağa səy göstərmişəm

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbi-mədəni həyatında mühüm yer tutur. Onun nəsr, dramaturgiya, publisistika, elmi axtarışlar və maarifçilik sahəsindəki xidmətləri milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və insan psixologiyasının dərin bədii təhlili ilə səciyyələnir. Hüseynbala Mirələmovun roman, povest və pyesləri yalnız bədii-estetik dəyəri ilə deyil, həm də mövzuların aktuallığı və ədəbi-tarixi əhəmiyyəti baxımından ədəbiyyatımızda xüsusi yerə malikdir. Onun əsərlərində milli kimliyin, xalqımızın yaddaşında iz salmış hadisələrin və insan talelərinin bədii ifadəsi ustalıqla təqdim olunur.

Hüseynbala Mirələmovun həyat və yaradıcılığı yalnız bədii mətnlərlə məhdudlaşmır. O, eyni zamanda elmi-pedaqoji mühitin tanınmış simalarındandır. Yüksək ixtisaslı mütəxəssis - texnika elmləri doktoru, professor, əməkdar mühəndis və pedaqoq kimi fəaliyyət göstərərək yüzlərlə tələbənin və gənc alimlərin formalaşmasında iştirak edib. Onun elmi fəaliyyəti də eyni intellektual məsuliyyət və vətəndaşlıq mövqeyi ilə səciyyələnir.

Bu il iyunun 25-də tanınmış yazıçının 80 illik yubileyi tamam olur. Bu münasibətlə yubilyarla görüşüb onun yaradıcılıq yolu, ədəbi və ictimai fəaliyyəti, eləcə də müxtəlif mövzular ətrafında səmimi bir söhbət etdik.

- Uşaqlıq və gənclik illəriniz necə keçib?

- Mən dağlar qoynunda, Lerikin Nuravud kəndində sadə fəhlə ailəsində dünyaya göz açmışam. Valideynlərim əlinin zəhməti, alnının təri ilə yaşayan, halal əməyi həyatının mənasına çevirən insanlar idi. Bizim evdə zəngin mənəvi mühit hökm sürürdü. Mənim oxumağa olan marağım erkən yaşlarımdan özünü göstərib. Dərsə və kitaba bağlılığım sanki daxilimdən gəlirdi - bu, kənardan təlqin olunmuş bir alışqanlıq deyildi. Bəzən gecə saat 2-də, 3-də anam məni çətinliklə stol arxasından qaldırıb yatağa salardı ki, daha bəsdir, yat, dincəl. Amma mən yorulmurdum, çünki oxumaq istəyirdim. Həmişə dərslərimə məsuliyyətlə yanaşan, müəllimlərin diqqətini çəkən, sinifdə seçilən şagird olmuşam. Həmyaşıdlarım arasında da hər zaman oxumağa olan ciddi münasibətimlə fərqlənirdim. Lənkəranda 2 saylı orta məktəbi gümüş medalla başa vurmuşam. O illər mənim formalaşma dövrüm oldu - zəhmətə hörmət, elmə maraq, sadə həyat tərzi, ailə dəyərləri və əyalət mühitinin təvazökar, lakin möhkəm təməlləri mənim şəxsiyyətimin mayasını təşkil etdi. Hər şeyin sadə, amma səmimi olduğu bu dövr sonrakı illərdə qələmimə də, dünyagörüşümə də sirayət edən ilkin mənəvi dayaqlardan biri oldu.

- Yazıçılığa və dramaturgiyaya gəlişinizdən danışmağınızı istərdik...

- İlk hekayəm - "Bir tikə çörək" 1961-ci il noyabrın 7-də "Leninçi" qəzetində nəşr olunub. Həmin vaxt mən Lənkəran şəhərində yerləşən 2 nömrəli orta məktəbin 7-ci sinif şagirdi idim. O dövrdə "Leninçi" qəzetinə görkəmli jurnalist Tofiq Həsənov rəhbərlik edirdi. Lakin ondan da öncə, hələ 4-cü sinifdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində oçerk və məqalələrim çap olunmuşdu. 1965-ci ildə mən Azərbaycan Politexnik İnstitutuna qəbul olundum. Həmin dövrdə institutun orqanı olan "Politexnik" qəzetində mənimlə eyni ildə instituta daxil olmuş Xalq şairi Vahid Əziz və nasir Dilsuzun yazıları da mənimlə birlikdə dərc edilirdi. Demək olar ki, həmin qəzetin buraxılışında biz əsas rol oynayırdıq. Ali məktəbə qəbul olunandan sonra uşaqlıqdan əməkdaşlıq etdiyim "Azərbaycan pioneri" qəzetinin redaksiyasını ziyarət etdim və kollektivlə tanış oldum. O redaksiya mənim üçün çox doğma idi. Həmin vaxt qəzetin baş redaktoru tanınmış jurnalist və yazıçı Əmrah Əmrahov idi. Onunla görüşüm zamanı bütün kollektivi bir yerə topladı və mənə qəzetdə çalışmağı təklif etdi. Bildirdim ki, dərslərim gündüzdür. Əmrah müəllim isə cavabında dedi ki, dərslərdən sonra, günün ikinci yarısında işləyə bilərəm. Beləcə, mənə qəzetin ədəbiyyat şöbəsində baş ədəbi işçi vəzifəsi həvalə olundu. Bir müddət keçdikdən sonra isə, tanınmış nasir və şair Vaqif Nəsibin başqa yerə işə keçməsi ilə həmin şöbənin rəhbərliyi tam şəkildə mənə tapşırıldı. Bundan sonra düz beş il - 1965-1970-ci illər ərzində "Azərbaycan pioneri" qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik etdim. Bu illər ərzində mən orada Cəmil Əlibəyli, Davud Abdulkərimov, Şahin Quliyev, Zeynal Babayev, Əmrah Əmrahov, Əmir Mustafayev, Svetlana Nəcəfova, Məmməd Əkbərov, Hafiz Hüseynov, Valeh Səfərov, Nəriman Süleymanov kimi Azərbaycan jurnalistikasında öz imzaları ilə tanınmış şəxslərlə çiyin-çiyinə çalışdım. Redaksiyaya gedəndə eyni binada yerləşən otaqda tez-tez korifey jurnalist Nəsir İmanquliyevlə qarşılaşırdıq. Jurnalistika ilə bağlı bilmədiyim sualları bəzən ona verər, ondan öyrənərdim. O dövrün nəsli bu görkəmli jurnalistləri yaxşı xatırlayır - onların hər biri milli mətbuat tariximizin seçkin simalarındandır. Həyatdan köçənlərin xatirəsini ehtiramla anır, yaşayanlara isə möhkəm cansağlığı arzulayıram. Əgər bu yazını oxuyarlarsa, söylədiklərimi təsdiqləyə bilərlər. Maraqlananlar M.F.Axundov adına Milli Kitabxanada bu yazıların dərc tarixlərini araşdıra bilərlər. 1961-ci ildən başlayaraq, qəzetin 24 yanvar, 26 mart, 7 aprel, 7 iyul, 27 oktyabr və digər tarixlərdəki buraxılışlarında mənim yazılarıma rast gəlmək mümkündür. "Azərbaycan pioneri"nin ədəbiyyat şöbəsində çalışdığım illərdə çox sayda tanınmış şair və yazıçıların hekayə və poemalarını redaktə edir, çapa təqdim edirdim. O illərdə qəzet səhifələrində çıxış edən bir çox müəlliflər zamanla məşhur qələm sahiblərinə çevrildilər. Onların əksəriyyəti mənim redaktə işimdən razılıq edirdi. Həmçinin, o dövrdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin tələbələri qəzetə təcrübə keçmək üçün gəlirdilər. Rəhbərlik bu tələbələrdən bir neçəsini bizim şöbəyə yönləndirirdi. Mən onlara xəbər yazmaq bacarığını öyrədirdim və onların əksəriyyəti sonralar müxtəlif nüfuzlu mətbuat orqanlarında peşəkar jurnalist kimi fəaliyyət göstərdilər. Bütün bunlar ədəbiyyata, yazıçılığa yolumu açan amillər olub.

- Əsərlərinizdə daha çox hansı mövzuları işləmisiniz?

- Əsərlərimin bədii mahiyyətini təşkil edən əsas mövzular sırasında vicdan, dürüstlük, mərdlik və kişilik anlayışları xüsusi yer tutur. Bu dəyərlər mənim yaradıcılığımın ideyasını təşkil edir və qəhrəmanlarımın xarakterlərində, həyat seçimlərində özünü aydın şəkildə büruzə verir. Vicdan və dürüstlük mənəviyyatın təməl sütunları kimi obrazların daxili aləmini formalaşdırır, onların taleyində həlledici rol oynayır. Mərdlik və kişilik isə yalnız cəsarət və fiziki güc deyil, eyni zamanda mənəvi möhkəmlik, əqidəyə sadiqlik, ədalət uğrunda mübarizə əzmi kimi dəyərlərlə tamamlanır. Bununla yanaşı, yaradıcılığımda mütəmadi şəkildə əsas xətlə keçən və əsərlərin ruhuna poetik zənginlik bəxş edən mövzu sevgidir. Sevgini mən yalnız romantik duyğu kimi deyil, həm də insanın insana, vətənə, ailəyə, həyata və bəşəri dəyərlərə bağlılığı kimi təqdim edirəm. Bu mövzu əsərlərimdə yalnız süjet xəttinin bir elementi deyil, həm də insan varlığının ən təbii, ən dərin ehtiyaclarından biri kimi bədii-estetik təhlil obyektinə çevrilir. Sevgini mənəvi ucalıq, daxili saflaşma və insanlaşma yolunda bir məktəb kimi təqdim etməyə çalışıram. Qısası, mənim bədii dünyamın əsas sütunlarını vicdanlı həyat tərzi, əxlaqi saflıq, prinsipial mövqe və səmimi, ülvi sevgi duyğuları təşkil edir.

- Azərbaycan ədəbiyyatında hansı dövr sizin üçün ən qiymətlidir və niyə?

- Ədəbiyyatımızda altmışıncılar nəsli mənim üçün xüsusilə dəyərli və əhəmiyyətlidir. Bu nəsil, ədəbiyyatımıza yeni nəfəs, fərqli estetik yanaşma və dərin fəlsəfi ovqat gətirən bir mərhələnin başlanğıcı oldu. Anar, Elçin, İsmayıl Şıxlı, İsa Muğanna, Sabir Əhmədli, Əkrəm Əylisli kimi qələm sahibləri təkcə sözün gözəlliyini yox, onun ictimai və mənəvi gücünü də üzə çıxarmağı bacardılar. Bu ədəbi nəsil nümayəndələrinin yaradıcılığı məni hər zaman öz iç dünyasının səmimiliyi, milli dəyərlərə bağlılığı və bədii ifadə imkanlarının zənginliyi ilə təsirləndirib. Onlar təkcə ədəbi formaları yeniləmədilər, həm də cəmiyyətin, fərdin və zamanın daxili ziddiyyətlərini incə müşahidə və dərin psixoloji təhlillə təqdim etdilər. Hekayə və romanlarda adi insan taleyi fonunda bütöv bir dövrün mənzərəsini canlandırmaq, poeziyada fəlsəfi dərinlik və lirizmi vəhdətdə vermək baxımından bu nəslin nümayəndələri ədəbi məktəb yaradıblar. Onlar Azərbaycan ədəbiyyatında həm forma, həm məzmun baxımından ciddi bir dönüş yaratmaqla gələcək nəsillərə möhkəm bünövrə qoydular. Məhz buna görə də onların irsi bu gün də aktuallığını qoruyur və müasir ədəbi prosesdə bir mayak funksiyası daşıyır.

- Ən sevdiyiniz kitab və ya müəllif kimdir?

- Həm dünya, həm də Azərbaycan ədəbiyyatının klassik və çağdaş nümunələrini daim mütaliə edirəm. Ədəbiyyat mənim üçün sadəcə oxu deyil, həm də həyatın, insan qəlbinin dərinliklərini anlama vasitəsidir. Oxuduğum hər bir əsər düşüncə dünyamda yeni qapılar açır, mənəvi zənginlik bəxş edir. Lakin bu geniş ədəbi külliyyat içərisində elə bir əsər var ki, onun mənəvi təsiri, həyatımı və insanlara baxışımı formalaşdırmaq baxımından xüsusi yer tutur - bu, fransız ədəbiyyatının dahilərindən biri olan Viktor Hüqonun ölməz "Səfillər" romanıdır. "Səfillər" mənim üçün sadəcə bir bədii əsər deyil, bir növ mənəvi bələdçidir - həyat dərsidir. Romanın ana xəttini təşkil edən əxlaqi və fəlsəfi ideyalar oxucunu yalnız dövrün ictimai reallığı ilə deyil, həm də insanın daxilindəki ziddiyyətlər, vicdan və əqidə arasında gedən mübarizələrlə üz-üzə qoyur. Əsərdəki yepiskop obrazı mənə xüsusilə təsir edib. O, Jan Valjanın həyatına sadəcə bir jestlə müdaxilə etmir - onun taleyinə, düşüncəsinə, mənəviyyatına istiqamət verir. Yepiskopun insani mərhəməti, yüksək humanistliyi və bağışlamaq gücü Jan Valjanın içindəki saf insanı oyadır. Bu obraz mənim üçün vicdan və mərhəmətin ən uca təcəssümüdür. Digər tərəfdən, romanın mühüm fiqurlarından biri olan polis inspektoru Javer də bədii-fəlsəfi baxımdan olduqca maraqlı və təsirli bir obrazdır. O, qanunun və nizamın mütləqliyinə inanan, prinsiplərindən dönməyən bir xarakterdir. Javerin xarakterində dramatik güc onun həyat və əxlaq dilemması qarşısında yaşadığı daxili münaqişədə özünü göstərir. Ədalətə olan ifrat sədaqəti onu sonda mənəvi uçuruma aparır və bu uçurum onu öz həyatına son qoymağa qədər gətirib çıxarır. Lakin bütün faciəviliklə yanaşı, bu obrazın dramatizmi də onun mənəvi gücünü, daxili dürüstlüyünü təsdiqləyir - o, öz prinsiplərinə zidd yaşamağı qüruruna sığışdırmır. Bu əsər mənim üçün tükənməz bir ibrət mənbəyidir, əsl mənəvi dəyərlərin əzəmətini ortaya qoyan bir həyat məktəbidir.

- 80 il ərzində dünyada və Azərbaycanda ən çox hansı dəyişikliklər sizi heyrətləndirib?

- Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasi iradəsi, dəmir məntiqi və sarsılmaz qətiyyəti, eyni zamanda rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkar hərbi hazırlığı sayəsində xalqımız 30 ilə yaxın bir müddət işğal altında qalmış doğma torpaqlarını 44 gün ərzində azad etdi. Bu tarixi qələbə təkcə hərbi zəfər deyil, həm də milli birlik, mənəvi dirçəliş və dövlət iradəsinin təntənəsi idi. Bu döyüş yolu şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və xalqımızın sarsılmaz əzmi ilə yazıldı. Mən bu möhtəşəm salnaməyə, onun arxasında dayanan iradəyə, fədakarlığa və əzmə dərin heyranlıq hissi ilə yanaşıram. 2020-ci ilin Vətən müharibəsi Ali Baş Komandanın müstəsna sərkərdəlik məharətini, strateji uzaqgörənliyini və xalqa sonsuz sədaqətini bütün dünyaya nümayiş etdirdi. İlham Əliyev müasir dövrün parlaq lider obrazını yarada bildi - həm döyüş meydanında, həm diplomatik masada, həm də informasiya savaşında xalqının haqq səsini qürurla və ləyaqətlə təmsil etdi. Qarabağın azadlığı təkcə bir coğrafi məkanın qaytarılması deyil, həm də milli qürurun, tarixi ədalətin, vətənə sevginin təntənəsidir. Mən bu şanlı tarixin canlı şahidi olmaqdan qürur duyuram və bu hadisəni Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biri kimi qiymətləndirirəm.

- Hobbiniz varmı və sizi nələr ruhlandırır?

- Mərhum Xalq şairi Qabili yaxından tanıyanlar bilirlər ki, o, həm son dərəcə səmimi, həm də obyektiv düşüncəli bir insan idi. O, qəlbindən gəlməyən bir sözü dilə gətirməzdi. Bir dəfə telefon danışığımız zamanı mənə belə demişdi: "Bilirsən ki, bu gün mən demək olar heç kimi oxumuram. Səni tərifləmək üçün demirəm, amma sənin "Gəlinlik paltarı" romanını həm mən, həm də ailəm maraqla oxuyuruq. Ancaq bir iradım var. Sən Azərbaycan televiziyasında çıxışında demişdin ki, mühəndisəm, istehsalat adamıyam, ədəbiyyat isə mənim hobbimdir. Mən isə tam əminliklə bildirirəm: sən əsl yazıçısan, sənin əsas işin ədəbiyyatdır, mühəndislik və istehsalat isə sadəcə hobbindir". Allah ona rəhmət eləsin. "Dağlarda atılan güllə" romanım haqqında da o, müəllifi olduğu "Qeyrət a vətəndaşlar" yazısında yüksək dəyərləndirmələrini qeyd etmişdi. Allah Xalq şairimizin ruhunu şad eləsin, o möhkəmcə tapşırsa da, mən yenə də yazıçılığı əsas hobbim hesab edirəm.

- Gənc nəsilə hansı əsərinizi oxumalarını xüsusilə tövsiyə edərdiniz və nə üçün?

- Əlbəttə, yazıçı istəyər ki, bütün əsərləri oxunsun. Lakin yaradıcılığım içərisində xüsusilə  tövsiyə etmək istədiyim əsər "İki şah, iki sultan" trilogiyasına daxil olan "Süqut", "Bənövşəyi əncir" və "Çaldıran yolu" romanlarıdır. Bu trilogiyada mən Sara Xatun, Uzun Həsən, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai kimi Azərbaycan tarixinin unudulmaz simalarının həyat və fəaliyyətini bədii sözün gücü, dramaturji təhkiyənin dərinliyi ilə oxuculara çatdırmağa cəhd etmişəm. Bu əsərlərdə milli özünüdərk, kimlik, dövlətçilik təfəkkürü, mənəvi miras kimi bu gün üçün son dərəcə vacib olan dəyərlər oxucu qarşısında bədii obrazlarla canlanır. Ona görə də gənclərimizin öz tarixini bilməsi, ona bədii-estetik yanaşma ilə dərindən nüfuz etməsi çox vacibdir. Tarixi yalnız dərsliklərdən yox, bədii təxəyyülün, sənətkarlığın və milli yaddaşın işığında öyrənsinlər.

- Sizcə, həyatda uğurun sirri nədir?

- Həyatda uğurun sirri məhz zəhmət, çalışqanlıq və məsuliyyətdir. Uğur təsadüfi deyil, əzmkarlıqla, davamlı səylə, hər bir işə ciddi və vicdanla yanaşmaqla əldə olunur. Hər bir insanın məqsədinə çatmasında bu üç əsas keyfiyyət - ardıcıl zəhmət, məqsəd yönümlü çalışqanlıq və öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək - uğurun təməl daşlarıdır.

- Ömrünüzün hansı dövrü sizin üçün daha yaddaqalandır?

- Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri olduğum və eyni zamanda millət vəkili kimi fəaliyyət göstərdiyim illər mənim ictimai-siyasi həyatımda ən məsuliyyətli, eyni zamanda ən yaddaqalan dövrlərdən biri olub. Bu illər ərzində mən yalnız siyasi fəaliyyətlə deyil, həm də seçicilərlə canlı təmasda olmağın, onların qayğı və problemlərinə həssaslıqla yanaşmağın nə qədər böyük məsuliyyət və mənəvi yük daşıdığını daha dərindən dərk etdim. Həmin dövr mənim üçün sadəcə vəzifə borcunun yerinə yetirilməsi deyildi - bu, dövlətə, xalqa və Ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətimdən irəli gələn bir xidmət mərhələsi idi. Bu xidmət illəri mənim üçün həm təcrübə, həm də mənəvi zənginlik məktəbi oldu. Ulu öndərimizin haqqında danışarkən JZL seriyasında işıq üzü görən "Heydər Əliyev" kitabım haqqında da qeyd etmək istərdim. Bu yaxınlarda kitab qırğız dilinə tərcümə edilib. 2 il əvvəl isə ispan dilində nəşr olunub, bununla da bu kitab dünyanı 50 dilinə tərcümə edilərək dünyaya Heydər Əliyev fenomenini bədii dillə təqdim edir. Bu, ömrümün ən fərəhli hadisələrindən biridir.

- Yaradıcılığınıza və həyatınıza təsir edən insanlar olubmu?

- Həyat yolumda mənə yön verən, düşüncə dünyamın formalaşmasında mühüm rol oynayan insanlar arasında dəyərli müəllimlərim və sadiq, vəfalı dostlarım xüsusi yer tutur. Onların bir çoxu bu gün artıq aramızda olmasa da, xatirələri daim qəlbimdə yaşayır. Haqq dünyasına qovuşmuş əziz müəllimlərim və dostlarım - mərhum İsa Məmmədov, Telman Vəkilov, Siyavuş Qarayev, Rafiq Məmmədov, Natiq Əliyev və Hadı Rəcəblini tez-tez ehtiramla yad edir, ruhlarına rəhmət diləyirəm. Onlarla keçirdiyim anlar, apardığımız dərin söhbətlər mənim üçün unudulmazdır. Xoşbəxtəm ki, bu gün də ömür yolumda mənə dəyər verən, fikrini, qayğısını əsirgəməyən əsl dostlardan biri - Eldar İbrahimov kimi səmimi insanla görüşüb həmsöhbət olma imkanım var. Bu dostluqlar mənim üçün yalnız keçmişin deyil, həm də bu günün mənəvi dayağıdır. Dünya ədəbiyyatının nəhəng simalarından biri, dostum  Çingiz Aytmatovun da həyatıma böyük təsiri olub. Mənim "Xəcalət" adlı əsərimə yüksək qiymət verməsi və bu barədə bir neçə dəfə fikirlərini bölüşməsi mənim üçün həm mənəvi dayaq, həm də yaradıcılıq yolumda böyük stimul mənbəyi olub. Səmimi dostluq münasibətləri ilə bağlandığım bu dahi yazıçının mənimlə bağlı söylədiyi fikirlər hər zaman ilham qaynağım kimi yaddaşıma həkk olunub. Çingiz Aytmatov özünün məşhur "Dağlar yıxılanda" romanının əlyazmasını şəxsən mənə hədiyyə etmişdi və həmin nüsxənin üzərində onun öz əli ilə yazdığı səmimi avtoqraf yer alır. Böyük bir sənətkarın öz imzası ilə təqdim etdiyi bu qiymətli əlyazma mənim üçün yalnız bir hədiyyə deyil, həm də sənətə, sözə və dostluğa verilən əvəzsiz dəyərin rəmzidir.

- Həyatınızda keçmişə dair ən xoş xatirənizi bizimlə bölüşə bilərsinizmi?

- 1953-cü ilin avqust ayı idi. Rəhmətlik atam Fazil kişi məni yanına salıb şəhərin böyük bazarlarını, dükanlarını dolaşdırırdı. Məqsəd birinci sinfə başlamağa hazırlaşan oğlu üçün məktəb ləvazimatları almaq idi. Biz bazarın izdihamlı səmtində gəzərkən atamın bir tanışı gülümsəyərək soruşdu: "Fazil kişi, hara belə, bu uşağı bu istidə niyə yanına salıb gəzdirirsən?" Atam aramla cavab verdi: "Sentyabr yaxınlaşır. Hüseynbala bu il məktəbə başlayır. Pal-paltar, çanta alıram". O kişi istehza ilə başını yelləyib dedi: "Əşi, gözlə görək, sənin oğlan oxuyub nazir olacaq! Uşağı incitmə, nə məktəb həvəsidi belə..." Bu dialoq illər keçsə də, yadımdan çıxmadı. Uzun illər sonra, 1988-1992-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədrinin birinci müavini, bir müddət isə Komitənin sədri - nazir vəzifəsini icra edən şəxs kimi o ironik təbəssümü unuda bilmədim. Atamın o günkü qərarlılığı, uzaqgörənliyi mənə ömürlük dayaq oldu. Atamın yadımdan çıxmayan aforizm kimi çox gözəl kəlamları var. Həmişə bizə - övladlarına təlqin edirdi ki, kişiyə yatağında günəş şüası dəyməməlidir, o erkəndən- günəşdən əvvəl oyanıb işinə-gücünə getməlidir. Başqa bir unudulmaz xatirə isə mərhum əziz anamla bağlıdır. 1984-cü ildə  ağır xəstələnib xəstəxanaya düşmüşdüm, ciddi əməliyyat keçirdim. Anam əhd eləmişdi, balam sağ-salamat evə qayıtsın, ona qurban gedərəm. Mən sağalıb evə qayıdanda anam qurbanlıq kimi ağlaya-ağlaya başıma fırlanmağa başladı. Əlbəttə, ətrafdakılar onu dayandırdılar. Amma anam sanki Allahla bir əhd imzalayıbmış kimi 3 aydan sonra dünyasını dəyişdi, elə bil həqiqətən mənim sağ qalmağım üçün qurban getdi. Bax, bütün analar belə müqəddəsdir, dünyamız anasız olmasın.

- Həyat yolunuzda qarşılaşdığınız ən böyük daxili mübarizə nə olub və onu necə aşmısınız?

- Dost bildiyim, etibar etdiyim bir universitet rektorunun bir neçə il əvvəl mənə bilərəkdən vurduğu zərbə mənim üçün  gözlənilməz  bir xəyanət olmuşdu. İnsan xəyanətlə üzləşəndə sarsılır, amma eyni zamanda əsl dostluğun, etibarın və mənəvi gücün nə qədər vacib olduğu daha aydın üzə çıxır. Həqiqi dostların dəstəyi ilə o mərhələni keçdim və mənən daha da gücləndim. İlahi ədalətin zamanla hər şeyi yerbəyer etdiyini də görürəm...

- Yazdığınız əsərlərdə hansı obraz sizi ən çox təmsil edir?

- 1986-cı ildə nəşr olunan və Xalq yazıçısı Elçinin dəyərli ön sözü ilə işıq üzü görən "Tənha durna uçuşu" adlı ilk kitabımdakı eyniadlı hekayənin baş qəhrəmanı Nəsib obrazı, əslində, mənim özümün həyat və düşüncə tərzimi simvolizə edir. Onun daxili dünyası, cəmiyyətlə münasibətləri və yaşamla bağlı sualları mənim gənclik illərindəki hiss və təəssüratlarımla sıx bağlıdır.

Sözügedən hekayə yalnız ədəbi müstəvidə deyil, eyni zamanda səhnə sənəti baxımından da dəyər qazanıb. 2003-cü ildə bu əsər tanınmış rejissor Ələkbər Kazımovskinin quruluşunda film-tamaşa kimi ekranlaşdırılıb və televiziya auditoriyasına təqdim edilib.

- Dramaturq kimi əsərlərinizin səhnə ömrü yaşadığını görmək sizdə hansı hissləri oyadır?

- İnsanların tamaşanın sonunda ayağa qalxaraq uzun sürən alqışlarla sənətə, sözə, əməyə ehtiram göstərməsi mənim üçün ən böyük mənəvi mükafatdır. Həmin anlarda hiss edirəm ki, yaşayıram,  yazdıqlarım unudulmur. O alqışların hər sədası mənə deyir ki, o yuxusuz gecələr, əllə yazılmış cümlələr,  daxili savaşlar hədər getməyib - bütün əziyyətlər öz bəhrəsini verib.

- Hazırda hansı əsəri mütaliə edirsiniz?

- Nobel mükafatı laureatı Mario Varqas Lyosanın "Dəcəl qızın sərgüzəştləri" əsərini böyük həvəslə oxuyuram. Müəllif bu qeyri-adi sevgi hekayəsi ilə həm insan duyğularının mürəkkəbliyini, həm də müxtəlif dövrlərdə cəmiyyətin necə dəyişdiyini göstərir.

- Son dövrlərdə hansı yaradıcılıq planları üzərində işləyirsiniz?

- Hazırda "Eşqin rəngləri" psixoloji romanımı bitirmək üzrəyəm. Oxucuların israrlı istəyi və marağı nəticəsində bu əsər ardıcıl olaraq "Ədəbiyyat qəzeti"nin səhifələrində dərc olunur. Fürsətdən istifadə edərək qəzetin baş redaktoru, hörmətli Azər Turana təşəkkürümü bildirirəm. Onun bu əsərin işıq üzü görməsində göstərdiyi diqqət və dəstək mənim üçün olduqca dəyərlidir. Romanın süjet xətti sevginin insan taleyində, daxili dünyasında və yaradıcı təfəkküründə oynadığı mühüm rol üzərində qurulub. Bu əsərdəki obrazlar sadəcə xarakterlər deyil, onlar həm də insan ruhunun dərinliklərində gizlənmiş hisslərin və düşüncələrin rəmzidir. Əsər qəzetdə çap olunmağa başladığı ilk gündən etibarən müxtəlif oxucu təbəqələrindən - ziyalılardan, yazarlardan, sənət adamlarından - rəğbət dolu fikirlər və səmimi rəylər alıram. Xüsusilə yaxın günlərdə dəyərli ziyalılarımızdan Ziyafət Əsgərov və İslam Qəriblinin zəng edərək romanla bağlı xoş təəssüratlarını bölüşmələri mənim üçün böyük mənəvi dəstək oldu. Ümid edirəm ki, "Eşqin rəngləri" romanı ilin sonuna qədər kitab formatında da çap olunacaq və daha geniş oxucu kütləsinə çatacaq.

- 80 illik yubileyinizdə siz özünüzə hansı sualı vermək istəyərdiniz? Və o suala cavabınız necə olardı?

- "Bu yaşa gəlib çatana qədər nə etdin, necə yaşadın?" - bu sualı tez tez öz özümə vermişəm. Xalq şairi Bəxtiyar Vahabzadənin bir misrası var ki, onu heç zaman unutmuram: "Bircə ondan razıyam ki, özümdən narazıyam". Bu misra, sanki mənim də ömür yolumun və daxili aləmimin sərrast ifadəsinə çevrilib, həyat kredomu müəyyən edib. Bəli, özümdən narazı olmağıma baxmayaraq, mən bu həyat yolunu mərdlik və ləyaqətlə addımlamağa çalışmışam. Cəsarətim və xeyirxahlığım, doğrularım və səhvlərim, bəzən qazandığım böyük uğurlar, bəzənsə hisslərə qapılıb büdrədiyim, sarsıldığım anlar, taleyin amansız zərbələri və ya bəxtin səxavətlə üzümə  gülümsədiyi dönəmlər - bütün bunlar birlikdə mənim şəxsiyyətimi və yaşam fəlsəfəmi formalaşdırıb. Mən ömrümü şərəflə və alnıaçıq yaşamağa səy göstərmişəm.

Kəmalə MİRZƏYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
525.az

1Mənbələr