Bu gün ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsini Ədliyyə Nazirliyi həyata keçirəcək.
Cəzaçəkmə müəssisələrində peşə təhsili necə inkişaf etdiriləcək? Mövzu ilə bağlı Ədliyyə nazirinin müavini Mübariz Əhmədov APA-nın suallarını cavablandırıb:
- Prezident İlham Əliyev tərəfindən bu gün imzalanmış Sərəncam ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı” hansı zərurətdən hazırlandı və Planın həyata keçirilməsində məqsəd nədən ibarətdir?
- İlk olaraq qeyd etmək istərdim ki, ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar çərçivəsində ölkə başçısı cənab İlham Əliyev tərəfindən penitensiar sahənin inkişafı, məhkumların cəzaçəkmə şəraitinin daha da yaxşılaşdırılması, onların azadlığa çıxdıqdan sonra cəmiyyətə reinteqrasiyası məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, bu gün imzalanmış “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam xüsusi əhəmiyyət kəsb edir.
Fəaliyyət Planı “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 11 sentyabr tarixli Sərəncamının icrası məqsədilə hazırlanıb. Fəaliyyət Planı Azərbaycanda penitensiar sistemin humanistləşdirilməsi və reabilitasiya yönümlü yanaşmaların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Statistika göstərir ki, 2024-cü ildə ölkədə cinayət törədənlərin 55.6 faizi əmək qabiliyyətli yaşda olub, əsasən işləməyən və oxumayan şəxslərdir. 2023-cü ildə bu rəqəm 56.8 faiz, 2022-ci ildə isə 60.4 faiz olmuşdur. Peşə təhsili məhkumların cəmiyyətə reinteqrasiyası üçün əsas vasitələrdən biridir. Bu Plan məhz məhkumlara əmək bacarıqları qazandırmaqla onların azadlığa çıxdıqdan sonra əmək bazarına uyğunlaşmasını asanlaşdırmağa xidmət edir.
Planın həyata keçirilməsində məqsəd cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcud infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması, cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni peşə təhsili infrastrukturunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş və azadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması, cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsidir.
- Beynəlxalq təcrübədə bu məsələyə necə yanaşılır?
- Araşdırmalar göstərir ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurlu olub-olmamasını residivizm, yəni təkrar cinayət törətmə göstəricisinə əsasən müəyyən edirlər. Məsələn, Böyük Britaniya, İsveç və Yeni Zelandiya kimi ölkələrdə azadlığa buraxıldıqdan sonra təxminən 40 faiz şəxs 1 il ərzində yenidən cinayət törədir. Bunun əsas səbəblərindən biri həmin şəxslərin maddi çətinlikləridir. Peşə təhsili və işlə təminat onların yenidən cinayət törətməsinin qarşısını almağa kömək edə bilər. Həmçinin məhkumların təhsil alması onların özlərini cəmiyyətə daha faydalı şəxs hesab etmələri, nümunəvi davranış sərgiləmələri baxımından çox vacibdir.
Həmin şəxslərin azadlığa buraxıldıqdan sonra işlə təminatı, eyni zamanda əmək bazarında məşğulluğun təmin edilməsində mühüm rol oynayır. Hətta bəzi ölkələrdə həbsdən sonra azadlığa çıxanları işə götürən şirkət və ya şəxslərə vergi güzəştləri kimi stimullar da tətbiq olunur.
- Bəs Azərbaycanda bu sahədə mövcud vəziyyət necədir?
- Statistika göstərir ki, Azərbaycanda cinayət törədənlərin əksəriyyəti əmək qabiliyyətli yaşda, lakin işləməyən və oxumayan, eləcə də yetkinlik yaşına çatmamış şəxslərdir. Araşdırmalara görə həmin şəxslərin azadlığa buraxıldıqdan sonra məşğulluğu onların cəzaçəkmə müəssisəsində olarkən işləməsindən, eləcə də peşə təhsili almasından əhəmiyyətli dərəcədə asılıdır. Hazırda ölkəmizdə 15 cəzaçəkmə müəssisəsində 8 peşə təhsili mərkəzi fəaliyyət göstərir.
Fəaliyyət Planına əsasən məhkumların zəruri bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğun təşkil edilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin edilməsi ilə bağlı birgə fəaliyyətin həyata keçirilməsi hədəflənir. Bu çərçivədə müxtəlif tədbirlərlə işəgötürənlərin cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin edilməsi prosesində aktiv iştirakı təşviq ediləcək.
- Qeyd etdiyiniz kimi, cəzaçəkmə müəssisələrində peşə təhsili istiqamətində aparılan islahatların əsas prioritetlərindən biri də əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. Bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulub?
- Hazırda əsas məqsədlərimizdən biri cəzaçəkmə müəssisələrində təhsil alan məhkumların azadlığa çıxdıqdan sonra əmək bazarına uğurla inteqrasiya ola bilmələridir. Bunun üçün əmək bazarının cari və gələcək tələblərinə uyğun peşə ixtisaslarının müəyyənləşdirilməsi və həmin istiqamətlər üzrə tədrisin təşkili olduqca vacibdir. Bu məqsədlə aidiyyəti qurumlarla birlikdə regionlar üzrə məşğulluq perspektivləri, sənaye sahələrinin inkişafı və əmək bazarında ixtisaslaşmış kadr çatışmazlığı kimi faktorlar əsasında əmək bazarının təhlili aparılır və nəticələrə əsaslanaraq prioritet peşə istiqamətləri müəyyən edilir.
- Yeni Fəaliyyət Planına əsasən tədris hansı formada həyata keçiriləcək? Mövcud ixtisaslar yenilənəcək, yoxsa yeni peşə sahələri açılacaq?
- Fəaliyyət Planına əsasən, hər iki istiqamət üzrə fəaliyyətlər planlaşdırılıb. Bir tərəfdən mövcud peşə ixtisaslarının məzmunu yenilənir, digər tərəfdən isə yeni, ənənəvi sahələrlə yanaşı, daha çox tələbat olan ixtisaslar üzrə də tədrisin təşkili planlaşdırılır. Məsələn, texniki və xidmət sahələrinə aid peşələr – tikinti, avtomobil ustalığı, santexnik, elektrik, tikiş, və s. sahələr üzrə tədris genişləndiriləcək, eyni zamanda əmək bazarının tələbatı və məhkumların maraqları nəzərə alınaraq innovativ sahələr – informasiya və kommunikasiya texnologiyaları (İKT), mühasibatlıq kimi istiqamətlər üzrə təlim proqramlarının da təşkil olunması planlaşdırılır.
Təhsil proqramlarının keyfiyyətini təmin etmək məqsədilə digər dövlət qurumları da bizimlə əməkdaşlıq edəcək. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər aidiyyəti qurumlarla birgə işləyirik. Təlimçilər sertifikatlaşdırılmış mütəxəssislər olacaq. Tədris proqramları modul əsaslı və kompetensiyaya əsaslanan şəkildə hazırlanır. Bundan əlavə, imtahan və qiymətləndirmə prosesləri şəffaf və obyektiv şəkildə aparılacaq. Biz, həmçinin beynəlxalq təcrübədən faydalanmağı, bir sıra Avropa ölkələrinin penitensiar sistemlərində tətbiq edilən peşə təhsili modellərini tətbiq etməyi planlaşdırırıq.
- Cəzaçəkmə müəssisələrinin infrastrukturu Plan üzrə təlimləri həyata keçirməyə hazırdırmı?
- Əslində, bu da Planın əsas istiqamətlərindən biridir. 2025-2030-cu illər ərzində mərhələli şəkildə bütün müəssisələrin tədris infrastrukturu təmir ediləcək, yeni avadanlıqlar alınacaq. Eyni zamanda, rəqəmsal resurslardan istifadə genişləndiriləcək – video dərsliklər və onlayn təlim platformaları hazırlanacaq.
- Məhkumların bu proqramlara marağı varmı?
- Şifahi sorğu keçirərək müəyyən etdik ki, bir çox məhkumda peşə öyrənməyə böyük maraq var. Xüsusilə gənclər arasında motivasiya yüksəkdir. Bunun səbəbi sadədir – azadlığa çıxdıqdan sonra iş tapmaq imkanları real şəkildə artır. Hətta bir sıra hallarda müəssisə daxilində keçirilən təlim və müsabiqələr zamanı onların göstərdiyi nəticələr çox ümidverici olub.
- Bu təhsil məzunlara real iş tapmaq imkanı verəcəkmi?
- Bizim məqsədimiz məhz budur. Dövlət Məşğulluq Agentliyi və özəl sektorla əməkdaşlıq edərək peşə təhsili almış məhkumların azadlıqdan sonra işlə təmin olunmasını dəstəkləyəcəyik. Eyni zamanda, sertifikatların ölkə üzrə tanınması və rəsmi şəkildə qəbul edilməsi də təmin olunacaq.
- Təşəbbüslər hansı müddətdə həyata keçiriləcək?
- Fəaliyyət Planı 2025–2030-cu illəri əhatə edir. Yəni, bu müddət ərzində mərhələli şəkildə əmək bazarının ehtiyaclarına uyğun peşə istiqamətləri seçiləcək, kurikulumlar hazırlanacaq və tədrisə başlanılacaq. İlk mərhələdə pilot layihələr həyata keçiriləcək, nəticələrə uyğun olaraq proses genişləndiriləcək. Həmçinin peşə təhsili prosesinə zəruri bilik, bacarıq və səriştələrə malik kənar mütəxəssislərin cəlb edilməsi, pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, təhsilin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
- Bu Planın cəmiyyətə ismarıcı nədir?
- Kifayət qədər sadədir. Cəmiyyətə təlqin etməyə çalışır ki, cəzanın məqsədi sadəcə cəzalandırmaq deyil, insanı islah etmək, ona yeni bir başlanğıc imkanı yaratmaqdır. Peşə təhsili belə bir taleyüklü dönüş üçün güclü və real bir vasitədir. Bu cür yanaşma məhkumların cəmiyyətə faydalı fərd kimi qayıtmasını təşviq edir. Cəmiyyət olaraq bu təşəbbüslərə birgə dəstək göstərməliyik.
- Son olaraq, hədəfləriniz nədən ibarətdir, bu tədbirlərin nəticəsində nə gözlənilir?
- Fəaliyyət Planının hədəfləri cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, cəzaçəkmə müəssisələrində peşə təhsili almış şəxslərin azadlığa buraxıldıqdan sonra işlə təmin olunması imkanlarının genişləndirilməsi və həmin şəxslər tərəfindən yenidən cinayət törədilməsi hallarının qarşısının alınmasıdır. Əsas gözlənti odur ki, peşə təhsili alan məhkumlar azadlığa çıxdıqda əmək bazarında yer tuta biləcəklər. Bu həm onların reinteqrasiyasına kömək edəcək, həm də cəmiyyət üçün əlavə dəyər yaradacaq. Ən əsası isə cinayətlərin təkrar törədilməsinin qarşısı alınacaq.