Səhiyyə naziri Teymur Musayev məhkəməyə verilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı olunduqdan sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Qurbanova nazirlə bağlı məhkəməyə müraciət edib.
S.Qurbanova T.Musayevdən şikayətçidir və Milli Məclisdəki yalan açıqlamasına görə təkzib verməsini tələb edir.
O, eyni zamanda, səhiyyə nazirinin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir. Belə ki, S.Vəliyevanın əməliyyatdan sonra dünyasını dəyişməsi məsələsi Milli Məclisdə də müzakirə mövzusu olmuşdu. Deputat Səyyad Aran çıxışında bildirmişdi ki, Sara Qurbanova qızının ölümü ilə bağlı ona müraciət edib. Deputat söyləmişdi ki, mərhumun ailəsi həmin həkimin fərqli soyadla fəaliyyət göstərdiyini deyir.
S.Aran həmçinin bu sahədə nəzarətsizliyin olduğunu deyərək səhiyyə nazirinə müraciət ünvanlamışdı.
Teymur Musayev parlamentin iclası zamanı S.Arana cavab vermiş və demişdi ki, həmin şəxs S.Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.
Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsulliyyət daşımadığını bildirmişdi.
T.Musayevin bu açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.