AZ

Yalçın Rəfiyev:Məqsəd sistemlərarası inteqrasiyanı təşviq etməkdir

BAKI, 25 iyun, TELEQRAF

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Troika dialoqu üzrə 1.5 missiyanın Yol Xəritəsi” mövzusunda tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev vacib çağırışlar və yeni fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Yalçın Rəfiyev çıxışında vurğulayıb ki, COP28-də razılaşdırılan BƏƏ Konsensusu kursun düzgün qurulması üçün yol xəritəsini müəyyən etdi, COP29-da Bakı İqlim Birlik Paktı isə tələb etdiyimiz iqlim ambisiyasını həyata keçirməyə imkan verən həyata keçirmə vasitələri və iqlim maliyyəsi arxitekturasının əsaslarını qoydu. İndi, Paris Sazişinin qəbulundan on il keçdikdən sonra və bu kritik onilliyin yarısında COP30 müəyyən edilmiş boşluqları doldurmaq və sürətləndirilmiş iqlim tədbirləri üçün dönüş nöqtəsi olmaq üçün həmin nəticələrə əsaslanmalıdır.

Onun sözlərinə görə, “Troika dialoqu üzrə 1.5 missiyanın Yol Xəritəsi” ilk qlobal yekun dəyərləndirmələrinin nəticələrinə əsaslanaraq, NDC-lərin növbəti mərhələsində daha iddialı və praktiki fəaliyyətləri təşviq etməyi hədəfləyir.

Yalçın Rəfiyev diqqətə çatdırıb ki, qlobal ortalama temperaturun 2024-cü ildə ilk dəfə sənayeləşmə dövrünəqədərki göstəricidən 1.5°C yüksək olması artıq sadəcə xəbərdarlıq deyil – bu, dərhal hərəkətə çağırışdır.

Hazırkı siyasət və öhdəliklər bizi hələ də 1.5°C hədəfinə çatmağa imkan vermir. Bu səbəbdən COP30-un, ötən illərin nəticələrinə əsaslanaraq, yol xəritəsinin icrasını təmin edəcək əsas dönüş nöqtəsinə çevrilməsi vacibdir.

Yalçın Rəfiyev çıxışında qeyd edib ki, bu günkü dialoqun əsas məqsədi sistemlərarası inteqrasiyanı təşviq etməkdir. O, çıxışında iştirakçılara ünvanlanmış əsas istiqamətləri belə qeyd edib. “Əldə olunmuş təcrübələr və dərslər: fəal iştirak əsasında həyata keçirilmiş iqlim layihələri, hökumətlər, yerli icmalar və gənclər tərəfindən reallaşdırılan uğurlu nümunələr;

Maliyyə və imkanlara çıxış: Yerli hökumətlər, yerli xalqlar, ənənəvi icmalar və gənclərin iqlim fəaliyyətlərinə daha səmərəli qoşulması üçün iqlim maliyyəsi, texnologiya və tutumartırma imkanlarının genişləndirilməsi;

Bütün cəmiyyətin səfərbərliyi: Paris Sazişinin beş sütunu üzrə hökumətlərarası, cəmiyyətlərarası və iqtisadiyyatlararası yanaşmanın təşkili üçün maraqlı tərəflərin və resursların əlaqələndirilməsi; Rəqəmsal texnologiyaların rolu - şəffaflıq, hesabatlılıq və resurs axınlarının sürətləndirilməsində rəqəmsal texnologiyaların imkanlarından istifadə.

Nazir müavini bildirib ki, Azərbaycan COP29 Sədrliyi olaraq, iqlim fəaliyyətini yalnız sənədlərlə məhdudlaşdırmayıb, eyni zamanda real maliyyələşmə mexanizmlərinin formalaşmasına fokuslanıb. Bakı Paktı bu baxımdan başlanğıcdır. Onun davamlı icrası isə COP30-da təmin olunmalıdır.

Çıxışının sonunda Yalçın Rəfiyev vurğulayıb: “Bugünkü dövr kollektiv fəaliyyətin dövrüdür. İqlim böhranı sərhəd tanımır – həll yolları da qlobal həmrəyliklə tapıla bilər. Multilateralizm konkret nəticələr verməlidir. Biz birlikdə hərəkət etməliyik – sistemli, məqsədyönlü və dayanıqlı şəkildə”.

Seçilən
12
teleqraf.com

1Mənbələr