Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskiyə qarşı iki sui-qəsdin təfərrüatlarını açıqlayıb. Bunlardan biri Ukrayna Prezidentinin Ofisinin ərazisində, digəri isə Polşanın Jeşuv hava limanında planlaşdırılıb.
Moderator.az UNİAN-a istinadən xəbər verir ki, xidmət rəhbəri Vasıl Malyuk jurnalistlərə açıqlamasında ötən il Prezident Zelenskiyə qarşı sui-qəsd planının ciddi səylər nəticəsində ifşa oluduğunu deyib. Cinayətkar plan Zelenskini Prezident Aparatının ərazisində hərəkət edərkən öldürməkdən ibarət olub. Onun sözlərinə görə, saxlanılanlardan biri Dövlət Mühafizə İdarəsinin rəhbəri olub.
Həmin polkovniklə yanaşı, daha bir polkovnik də saxlanılıb. Onların hər ikisinin Rusiya FSB-nin 5-ci xidməti ilə əməkdaşlıq etdiyi aşkar edilib. Həmin vaxt Ukrayna Təhlükəsizlik Xidmətini general-leytenant Sergey Beseda idarə edirdi. Malyukun sözlərinə görə, bu əməliyyatdan sonra Beseda vəzifəsindən uzaqlaşdırılıb və UTX-də müşavir kimi qalıb:
“Bu, bizim üçün çox çətin bir əməliyyat idi. Bu iş üzərində demək olar ki, müharibənin ilk günündən etibarən təxminən iki il işlədik. Qrupun içinə texniki müdaxilə həyata keçirdik. Təkcə Prezidentə qarşı deyil, həm də həmkarım Kiril Budanova və şəxsən mənə qarşı sui-qəsd hazırlığı aparılırdı”.
Malyuk digər əməliyyatdan da bəhs edib. Onun sözlərinə görə, məqsəd Prezident Zelenskini Jeşuv hava limanında fiziki olaraq aradan götürmək olub:
"Bir neçə variant nəzərdən keçirilirdi. Onlardan biri FPV dronla hücum, digəri isə snayper kompleksi vasitəsilə sui-qəsd idi. Bütün bunlar həyata keçirilmək üzrə idi, lakin həmin şəxsi vaxtında saxladıq. Polşalı həmkarlarımız peşəkar şəkildə hərəkət etdilər, bu əməliyyatı onlarla birgə həyata keçirdik".