İyulun 16-dan etibarən Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı ləğvi ilə bağlı qərar qüvvəyə minəcək. Bu addım iki ölkə arasında turizm əlaqələrində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bildirilir ki, qərar həm azərbaycanlı turistlərin Çindəki təcrübəsini zənginləşdirməyə, həm də Çin vətəndaşlarının Azərbaycana səfərini asanlaşdırmağa yönəlib.
Bu, turizm sektorunda hansı dəyişikliklərə yol aça bilər?
Referans bildirir ki, Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, viza rejiminin ləğvi ilə ölkələr arasında gediş-gəlişlərin sayında mühüm artım olacağı gözlənilir:
“İnsanların səyahət qərarlarına təsir edən əsas amillərdən biri nəqliyyatın əlçatanlığı və sərhədlərin asan keçilməsidir. Bu baxımdan sözügedən qərar böyük əhəmiyyət daşıyır. Fikrimcə, Çini yeni destinasiya kimi kəşf etmək istəyən vətəndaşlarımızın sayı çox olacaq”.
Ekspertin sözlərinə görə, Çin dünyada turizm xərcləri baxımından lider ölkələrdən biridir:
“Çinli turistlərin dünya üzrə illik turizm xərcləri 250 milyard dollardan çoxdur. Ölkəmizə gələcək az sayda turist belə daxili turizm sektorunda ciddi canlanma yarada bilər. Eyni zamanda, azərbaycanlıların da Çinə səfərləri artacaq. Artıq təkcə ticarət məqsədilə yox, turizm, əyləncə və istirahət üçün də ora gedəcəklər. Bu ölkə həm tarixi, həm təbiəti, həm də texnologiyası ilə seçilir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta