AZ

"Mac" reklamı böhrana çevrildi, "Apple" yayımdan qaldırdı

“Apple” şirkəti yayımladığı yeni “Mac” reklamını cəmi bir gün sonra, təcili şəkildə bütün platformalardan çıxarıb. Bu hadisə texnologiya nəhənginin son bir il ərzində yayından qaldırdığı dördüncü reklam kimi qeydə alınıb.

Valyuta.az xəbər verir ki, cümə günü yayımlanan və təxminən səkkiz dəqiqə davam edən yeni reklam "Valideyn təqdimatı" adlanır. Reklamın əsas siması komediyaçı Martin Herlidir. O, tələbələrə ailələrini “Mac” kompüteri almağa necə razı sala biləcəkləri barədə yumoristik məsləhətlər verir. Lakin reklam yayımlandıqdan cəmi bir gün sonra – şənbə günü – həm “YouTube”dan, həm də “Apple”ın universitet tələbələrinə xüsusi təqdim etdiyi səhifədən silinib.

Reklamla birlikdə, valideynlərə “Mac”in universitet həyatı üçün niyə əvəzolunmaz olduğunu izah edən 81 slaytlıq təqdimat şablonu da ictimaiyyətə təqdim edilmişdi. Reklam yayından çıxarılsa da, həmin təqdimat hələ də “Apple”ın rəsmi saytından endirilə bilir.

Bu, “Apple”ın ilk dəfə belə bir addım atması deyil. Şirkət 2024-cü ilin may ayında yayımladığı “Crush!” adlı “iPad Pro” reklamına görə də tənqid olunmuşdu. Həmin reklamda hidravlik presin altında piano, plastinka çalğıçısı və boya kimi yaradıcı alətlərin əzildiyi və bunların əvəzinə yeni “iPad Pro”nun istifadə edilə biləcəyi mesajı verilirdi. Gələn kəskin reaksiyalardan sonra “Apple” əvvəlcə reklamın televiziya yayımını dayandırmış, daha sonra isə onu “YouTube”dan tamamilə silmişdi.

Şirkət keçən il Tailandda yayımlanan “Ofis xaricində” adlı reklamla da oxşar mübahisə ilə üzləşmişdi. Həmin reklama görə “Apple” Tailandı stereotipik və köhnəlmiş şəkildə təsvir etdiyi üçün ciddi tənqidlər almış və reklam sonradan yayımda çıxarılmışdı.

Bu ilin mart ayında isə aktrisa Bella Remzinin rol aldığı bir “iPhone 16” reklamı da eyni aqibətlə üzləşmişdi. Reklamda süni intellektlə təkmilləşdirilmiş “Siri”nin hələ istifadəyə verilməmiş bəzi xüsusiyyətləri təqdim olunurdu. Məsələn, “Siri” daha əvvəl tanış olunan bir şəxsin adını xatırlaya bilirdi. Ancaq bu funksiyalar hələ istifadəçilər üçün əlçatan olmadığından reklam reallıqdan uzaq və yanıltıcı hesab edilmişdi.

"Valideyn təqdimatı" niyə silindi?

Reklamın niyə yayımdan qaldırıldığı ilə bağlı “Apple” tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Lakin sosial media istifadəçiləri reklamı “bəzən utandırıcı” və məqsəd auditoriyası baxımından “qarışıq və qeyri-müəyyən” olaraq dəyərləndiriblər. Bəzilərinə görə reklam, gənc izləyicilərlə valideynlər arasında balans yaratmağa çalışsa da, bu cəhdi süni və şişirdilmiş təsir bağışlayıb.

Paşa Məmmədli

Seçilən
6
valyuta.az

1Mənbələr