BAKI, 25 iyun. TELEQRAF
“İndi birlik olmaq zamanıdır. Klubumuzu layiq olduğu zirvələrə ən qısa zamanda çatdırmaq üçün əlimizdən gələni deyil, daha artığını etmək vaxtıdır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə II Liqasındakı “Ankaragücü” ilə peşəkar müqavilə imzalayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Həsən Nəzərov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
18 yaşlı forvard paytaxt təmsilçisi ilə anlaşması barədə hislərini belə ifadə edib: “Uşaqlıqdan bəri akademiyasında böyük uğurlar qazandığım bu ulu çinar - “Ankaragücü” ilə peşəkar müqavilə imzalamağın haqlı qürurunu yaşayıram. Uşaqlığımdan ailəmdən öyrəndiyim və həyatımın hər anında yanımda olan vəfaya sədaqət duyğusu ilə bu qərarı verərkən heç bir tərəddüd keçirmədim”.
O, növbəti mövsüm II Liqada mübarizə aparacaq Ankara komandasının heyətində əzmlə mübarizə aparacağını bildirib: “Ailə hesab etdiyim və formasını fəxrlə daşıdığım "Ankaragücü"nün “Yenidən Dirçəliş” mövsümündə bu formanı geyinmək, böyük azarkeşlərimizin qarşısında “İmalat-ı Hərbiyə” ruhunu meydana əks etdirmək üçün səbirsizlənirəm”.
Nəzərov sonda türkiyəli azarkeşlərə də təşəkkür edib: “Bu günə qədər mənə dəstək olan, başda ailəm olmaqla, dəyərli klub prezidentimizə və idarə heyətinə, çalışdığım qiymətli məşqçilərimə, birlikdə tər tökdüyüm komanda yoldaşlarıma, zəhmətkeş klub personalımıza və şanlı “Ankaragücü”azarkeşlərinə qəlbən təşəkkür edirəm”.
Qeyd edək ki,“Ankaragücü”dən qış transfer dönəmində Azərbaycan millisinin futbolçusu Renat Dadaşov ayrılıb.