ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 26 iyun, AZƏRTAC
Qazaxıstanda arxeoloji ekspedisiya sak dövrünə aid qızıl bəzək əşyaları aşkar edib.
AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, qazıntılar Almatı vilayətinin Uyğur rayonu ərazisində aparılıb.
Toğızbulak qəsəbəsinin yaxınlığında Erkən Dəmir dövrünə aid kurqanlar tədqiq edilib. Mütəxəssislər yaşayış məntəqəsinin cənub hissəsində yerləşən və 20-dən çox kurqandan ibarət Toğızbulak-1 və Toğızbulak-2 qəbiristanlıqlarında sahə tədqiqatları aparıblar.
Tapıntılar arasında üzərində şir təsviri olan qızıl üzük xüsusilə diqqət çəkir. Belə artefaktlar nadir hesab olunur. Təxminən 8 qram çəkisi olan üzük qızıl külçədən hazırlanıb. Üzük üzərindəki şir təsviri sinkretizmlə sıx bağlıdır. İlk baxışda qadın üzü, şir və ya hətta öküz, bəlkə də qədim tayfalar arasında kultu geniş yayılmış qoç başı təsvirlərini seçmək mümkündür.
Mütəxəssislərin fikrincə, bu cür tapıntılar və artefaktlar müasir Qazaxıstan ərazisində yaşamış sak tayfalarına xasdır. Tapılmış komplekslər eramızdan əvvəl IV–III əsrlərə aid edilir.
Toğızbulak-1 və Toğızbulak-2 qəbiristanlıqlarında aşkarlanmış əşya kompleksləri Erkən Dəmir dövrünə aiddir və sübut edir ki, müasir Uyğur rayonu ərazisi sak mədəniyyətinin mühüm mərkəzlərindən biri olub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.