ABŞ-da keçirilən 2025-ci il Klublararası Dünya Çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan 12-ci oyun günündən sonra daha dörd komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, beləliklə, 1/8 finala vəsiqə qazanan kollektivlərin sayı 14-ə çatıb.
Hazırda ən geniş təmsilçilik Avropaya aiddir. Köhnə qitədən səkkiz komanda növbəti mərhələyə yüksəlib: “İnter” və “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), “Çelsi” və “Mançester Siti” (İngiltərə), PSJ (Fransa), “Borussiya” Dortmund və “Bavariya” (Almaniya).
Cənubi Amerikadan isə pley-offa çıxan bütün komandalar Braziliyaya məxsusdur: “Palmeyras”, “Botafoqo”, “Fluminense” və “Flamenqo”.
KONKAKAF zonası da iki komanda ilə 1/8 finalda təmsil olunacaq – Meksikanın “Monterrey” və ABŞ-ın “İnter Mayami” klubları.
Qalan iki vəsiqənin taleyinə H qrupunun son oyununda aydınlıq gələcək. 3-cü turun son qarşılaşmasında “Real” (İspaniya), “Red Bull Zalsburq” (Avstriya) və “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) komandaları pley-off uğrunda mübarizə aparacaqlar. Hazırda “Real” və “Zalsburq”un 4, “Əl-Hilal”ın isə 2 xalı var.
Qeyd edək ki, Argentinanı təmsil edən klublar turnirlə erkən vidalaşıb.