AZ

Qalib xalqın şanlı ORDUSU

Turanə ORUCOVA: “Güclü Azərbaycan Ordusu təkcə ərazi bütövlüyümüzün təminatçısı deyil, eyni zamanda tarixi ədalətin bərpasının – Qərbi Azərbaycana Qayıdışın da real zəmanətidir”

Bəxtiyar ƏLİYEV: “Məğrur xalqımız və qüdrətli dövlətimiz Silahlı Qüvvələr Gününü qələbə ovqatı, zəfər ruhu ilə qeyd edir”

 

Hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Azərbaycan xalqı minilliklər boyunca öz dövlətini və Vətənini qorumaq üçün fədakarlıqla, əzmlə döyüşmüş, tarixdə qəhrəman sərkərdə və ordu sahibi kimi şöhrət qazanmışdır. 

Müasir ordu quruculuğu ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti və onun ordusu qısa bir ömür yaşasa da, xalqımızın içindəki ordu və dövlət hissi heç vaxt ölməmişdi. Milli ordunun yaradılmasında ölkəmiz müxtəlif təzyiqlərə məruz qalırdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə yaranmış siyasi gərginlik aradan qaldırıldı, ordu quruculuğunun yeni mərhələsi başladı. Ordumuzun strukturu tam formalaşdırıldı, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirildi. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradıldı, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edildi. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirildi, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşuldu. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə isə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olundu.

Mövzu ilə bağlı münasibət bildirən Mədəniyyətin İncəsənətin İnkişafı və Təbliği İctima Birliyinin sədri Turanə Orucova deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması dövlətçiliyimizin möhkəmlənməsi  və müstəqilliyimizin qorunması baxımından tarixi əhəmiyyət daşıyır:

“Bu gün cəmiyyətin orduya inamını möhkəmləndirən simvolik bir gündür. Vətəndaş həmrəyliyini gücləndirir, hərbi xidmətə hörməti artırır, gənclərdə orduya maraq və vətənpərvərlik tərbiyəsini  möhkəmləndirir. Ordu yalnız müharibə aparan deyil, həm də təhlükəsizliyi təmin edən, strateji balansı olan institutdur. O , eyni zamanda dövlət suverenliyinin daim ayıq qalmasını təmin edir”.

Turanə xanım qeyd edir ki, ordunun inkişafı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli və strategiyalı islahatların nəticəsidir:

“Hərbi təchizatın yenilənməsi, yerli hərbi sənayenin inkişafı, döyüş hazırlığı və beynəlxalq təcrübənin mənimsənilməsi Azərbaycan Ordusunu yeni mərhələyə yüksəltdi. 26 İyun – Silahlı Qüvvələr günü xalqla ordu arasında mənəvi bağın rəmzi, vətənpərvərlik duyğusunun yenidən oyanması və milli qürurun təzahürüdür. Bu tarix hər bir vətəndaşın dövlətin təhlükəsizliyinə töhfə verən əsgərlərə və zabitlərə ehtiramını ifadə etdiyi gündür. Cəmiyyətdə gənclər arasında orduya marağın artırılması, hərbi xidmətə hörmətin formalaşması və vətən sevgisinin qəbul  olunması baxımından bu günün təbliği mühüm əhəmiyyət daşıyır. Həmçinin 26 İyun bizə vətəni qorumağın təkcə silahla deyil, həm də biliklə, təhsil və mədəniyyətlə mümkün olduğunu xatırladır. Hər bir sülhsevər vətəndaş üçün bu gün həm də məsuliyyət və birlik çağırışıdır. Çünki güclü ordu yalnız döyüşlə deyil, xalqın sevgisi və dəstəyi ilə də güclənir”.

Turanə xanımın sözlərinə görə, Silahlı Qüvvələrin gücü yalnız texniki vasitələrdə deyil, hərbçilərin vətənə sədaqətində, əsgərin döyüş ruhunda və ordunun arxasında dayanan xalq iradəsindədir. Bu baxımdan 26 İyun həm də milli ruhun, ordumuzla qürur hissinin, gələcək nəsillərə örnək olan qəhrəmanlığın təntənəsi kimi qeyd edilir. Birlik sədri deyir ki, 2020-ci il 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun sadəcə silahlı qüvvə olaraq deyil, milli iradənin, strateji ağıllılığın və texnoloji üstünlüyün real təcəssümünə çevrildiyini göstərdi:

“Bu müharibədə ordumuz yüksək koordinasiya, mükəmməl planlama və psixoloji üstünlüklə döyüş meydanında müasir hərb tarixində nümunə sayılacaq nəticələr əldə etdi. Azərbaycan əsgəri təkcə texniki imkanlarla deyil, ruh yüksəkliyi, şəhidlik anlayışı və Ali Baş Komandanın ətrafında sıx birləşməklə qələbəyə nail oldu. Eyni zamanda, bu müharibə ordumuzun informasiya müharibəsi, diplomatik dəstək və strateji diplomatiya sahələrində də güclü olduğunu sübut etdi. Qarabağın azadlığı həm hərbi, həm də milli yaddaş üçün dönüş nöqtəsi oldu. Bu zəfər Azərbaycan Ordusunun artıq bölgədə və dünyada ciddiyə alınan bir güc olduğunu göstərdi”.

Turanə xanım Azərbaycan dövlətinin sülhə sadiq olduğunu, lakin ordusunun daim ayıq və güclü olduğunu diqqətə çatdırdı:

“Bu gün Silahlı Qüvvələr təkcə ölkənin müdafiəsini deyil, həm də onun sabitliyini, qlobal təhlükəsizlik sistemindəki yerini təmin edən strateji dayaqdır. Bugünkü güclü Azərbaycan Ordusu təkcə ərazi bütövlüyümüzün təminatçısı deyil, eyni zamanda tarixi ədalətin bərpasının – Qərbi Azərbaycana Qayıdışın da real zəmanətidir. Qərbi Azərbaycan bizim tariximizdir, yaddaşımızdır, milli kimliyimizin ayrılmaz hissəsidir. Bu gün ordu quruculuğunda əldə olunan güc, sabah öz ata-baba torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və hüquqi əsaslarla dönüşümüz üçün mühüm siyasi və strateji arxa rolunu oynayır”.

Birlik sədri 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri, qaziləri, şəhid ailələrini ehtiramla salamlayaraq Silahlı Qüvvələrimizə daim güclü və qalib olmasını dilədi.

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi Bıxtiyar Əliyev deyir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Onun sözlərinə görə, qəhrəmanlıq və şanlı hərb tarixi ənənələrinə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparmışdır:

“Zəngin təbii sərvətlərə malik olması və strateji coğrafi mövqeyinə görə Azərbaycan ərazisi tarix boyu yadelli işğalçıların hərbi təcavüzünə məruz qalmışdır. Yadelli işğala qarşı mübarizədə Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda qəhrəmanlıq və zəngin hərb tarixi formalaşmışdır. Sərkərdə və hərbçilərimiz hərbi taktika və strategiyalardan istifadə edərək şərəfli zəfər salnamələri yazmışlar. Bu baxımdan müasir Azərbaycan Ordusunun formalaşması ağır, mürəkkəb, keşməkeşli və şərəfli yol keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O zamanlar Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmış, avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmişdir. Hərbi Nazirliyə istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Tarixi varislik ənənəsinə uyğun olaraq, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. 1998-ci il  mayın 22-də ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 26 iyun Silahlı Qüvvələr günü elan edilib. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixi hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir”.

Bəxtiyar Əliyev bu gün Azərbaycan Ordusunun öz inkişafının ən parlaq dövrünü yaşamaqda olduğunu qeyd edir:

“2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi gücü darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qələbə qazanıldı.

2023-cü il sentyabrın 20-də 24 saatdan da az  müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri isə öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoydu”.

Bəxtiyar Əliyev  möhtəşəm qələbənin Ali Baş Komandanın əzmi və iradəsi, xalqla dövlətin sarsılmaz birliyi hesabına əldə edildiyini deyir:

“Məğrur xalqımız və qüdrətli dövlətimiz 26 İyun – Silahlı Qüvvələr Gününü 2021-ci ildən bəri  fərqli şəkildə, qələbə ovqatı, zəfər ruhu ilə qeyd edir. İlk dəfədir ki, 26 İyun qalib, məğrur, müzəffər, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş, Qarabağ müharibəsinə birdəfəlik son qoymuş Azərbaycan Ordusunun bayramı kimi keçirilir. Azərbaycanımızın dünyanın inkişaf etmiş və qüdrətli dövlətləri sırasında olması yolunda dövlətimizə və qəhrəman xalqımıza daimi uğurlar arzulayıram”.

Elnurə İSAXAN

 

 



Seçilən
10
herbiand.az

1Mənbələr