AZ

8 NOYABR - Zəfərin işığı belə yarandı...

Azərbaycan İlham Əliyevi, İlham Əliyev “8 Noyabr”ı seçdi!

İyunun 24-də Mingəçevirdə istifadəyə verilən Cənubi Qafqazın ən nəhəng energetika infrastrukturu - “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın iqtisadi qüdrətinin, bölgədə möhtəşəm güc və əzminin, tarixi Zəfərdən sonra yazdığı uğur salnaməsinin növbəti nümunəsidir. “8 Noyabr” Elektrik Stansiyası Zəfərin mayakıdır, regionun işıqlı sabahlarının və yeni mərhələnin simvolu, şanlı Zəfərimizin tarixidir.

Ali Baş Komandan İlham Əliyevin müdrik seçimi olan “8 Noyabr” adının Mingəçevirdəki ən böyük və nəhəng energetika müəssisəsinə verilməsi təsadüfi xarakter daşımır. Mingəçevir hər zaman Azərbaycanın və regionun işıqlı mərkəzi olub, ən kritik dövrlərdə, müstəqilliyimizin ilk illərində baxımsız qalmış enerji təsərrüfatının ən ağrılı şəraitində belə respublikamızın milli enerji təminatını çiyinlərinə götürüb, enerji böhranı yaranmasının qarşısını alaraq Azərbaycanı qaranlıqlardan çıxarıb.

Mingəçevir həm də Azərbaycanın strateji və milli təhlükəsizlik simvollarından biridir, bu şəhərdə yerləşən nəhəng obyektlər, o cümlədən “Azərbaycan” Elektrik Stansiyası və Mingəçevir Su Elektrik Stansiyası hər zaman ümumi enerji-iqtisadi-sənaye inkişafının dayaqlarından biri olub. Ulu Öndər Heydər Əliyevin uzaqgörən dühası sayəsində böyüyərək milli inkişafımızın atributlarından birinə çevrilib. Heydər Əliyevin 1974-cü ildə əsasını qoyduğu və 1981-ci ildə istifadəyə verdiyi “Azərbaycan” İstilik Elektrik Stansiyası hələ sovet dövründə Qafqazın önəmli energetika mərkəzlərindən biri olub. Müstəqillik dövründə stansiya bərpa edilərək dayanıqlığını qoruyub saxlayıb.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulub və 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verilib. Eləcə də, Mingəçevir Su Elektrik Stansiyasının gücü 400 meqavata çatdırılıb. Nəticədə, Mingəçevir şəhəri Azərbaycanın generasiya güclərinin artmasında, enerji potensialının və sənaye qüdrətinin yüksəlməsində öz mövqeyini daha da artırıb.

Mingəçevir energetika mərkəzi və strateji ünvandır

Mingəçevir enerji-sənaye mərkəzi, milli təhlükəsizliyin zəmanətlərindən biri kimi Qarabağ müharibəsi dövründə strateji əhəmiyyəti ilə seçilib. İşğalçı Ermənistan bu şəhərin məhz xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycanı təhdid edirdi. Prezident İlham Əliyevin açılış mərasimində bəyan etdiyi kimi Ermənistan İkinci Qarabağ müharibəsindən regionun enerji mərkəzi olan  Mingəçeviri bombalamaq, su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. “İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur”.

Ancaq düşmən buna nail ola bilmədi, raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Nəticədə terrorçu dövlətin bütün planları puç oldu, Gəncə, Tərtər, Bərdə kimi qəhrəman şəhərlərlə yanaşı, Mingəçevir də Zəfərin əlamətdar ünvanlarından biri kimi adını tarixə yazdı.

Azərbaycanın iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq

Energetiklər şəhərində “8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsi də məhz Zəfərin işıqlı obrazının legitimləşdirilməsi, əbədiləşdirilməsi mənası daşıyır. Yeni stansiya iqtisadi layihə olmaqla yanaşı, müasir siyasi reallıqların, regional fraqmentasiyaların, yeni qlobal çağırışların fonunda Azərbaycanın möhtəşəm enerji potensialının təqdimatıdır. Bu, həm də dünyada gedən geosiyasi-hərbi çalxalanmaların yüksəldiyi dövrdə ön plana çıxan enerji təhlükəsizliyinin vacib faktora çevrilməsi fonunda Azərbaycanın enerji dövləti kimi strateji əhəmiyyətinin artmasını diqtə edən hadisələrdən biridir. Azərbaycanın dövlət başçısının vurğuladığı kimi bu gün dünyada münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Baş verənlər bütün ölkələri narahat edir, enerji təminatları üçün əlavə risklər yaradır, təchizatçı dövlətlər olan ehtiyacları daha da artırır: “Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq”.

Göründüyü kimi, Azərbaycan “8 Noyabr” Elektrik Stansiyasını istifadəyə verməklə qalıcı yanacaq olan təbii qaz istehlakını ölkə daxilində azaltmaqla, əlavə yanacaq bazası formalaşdıracaq, enerji sistemimizin səmərəliliyi və potensial generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, təbii qaza qənaət etmək üçün imkan yaranacaq. Həmin əlavə resurslar isə Avropa dövlətlərinin təminatına yönəldiləcək. Bir sözlə, “ 8 Noyabr” Stansiyası Avropa İttifaqı ölkələrinin enerji təhülkəsizliyinin təmin olunmasında da starteji mərkəzlərdən biri kimi əhəmiyyət daşıyacaq. Stansiyanın istismara verilməsi bir çox məqsədləri təmin edəcək.

Regional və qlobal həmrəylik layihəsi...

“8 Noyabr” Elektrik Stansiyası həm də regional və qlobal həmrəylik layihəsidir.

Azərbaycan dövlətinin yaxın strateji tərəfdaşları olan İtaliya və Çinlə birgə dünyaya təqdim etdiyi nəhəng enerji investisiyası layihəsidir. Bu Zəfər stansiyası qlobal enerji ailəsi arasında yeni birlik və bərabərlik, həmrəylik, əməkdaşlıq zəncirinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyacaq.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın “yaşıl hədəflərə” çatmasında da mühüm rol oynayacaq, bərpaolunan enerji potensialının artmasını təşviq edəcək. 

İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri üzrə prioritetlər 2030-cu ilə qədər ölkəmizə 6500 meqavat “yaşıl enerji” əldə etməyə hesablanıb. Yeni stansiya alternativ enerji konsepsiyasına töhfə verməklə bu hədəflərə çatmaqda və ümumi generasiya güclərinin artmasında öz strateji əhəmiyyətini uzun illər qoruyacaq. İtaliyanın “Made in Italy”, “Ansaldo Energia” və Çinin “Dongfang Electric İnternational Corporation” şirkətləri ilə Azərbaycanın enerji korporosiyaları arasında icra edilən layihələr digərlərinin, xüsusilə də bərpaolunan enerji sahəsində yeni infrastrukturların qurulmasını sürətləndirəcək. “Yaşıl enerji” quruculuğunda Azərbaycan-İtaliya-Çin müttəfiqliyinin möhkəmlənməsi Qarabağda və Şərqi Zəngəzurda əməkdaşlığın yeni ünvanını müəyyən edəcək, bu bölgənin enerji potensialını dünyaya yönəldəcək.

Beləliklə, “8 Noyabr” Elektrik Stansiyası Zəfərin parlaq siması kimi Azərbaycana, onun dost və yaxın tərəfdaşlarının aydın sabahlarına işıq saçacaq.

ELBRUS CƏFƏRLİ

Seçilən
8
1
yeniazerbaycan.com

2Mənbələr