AZ

UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ (FOTOLAR)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (Project-Based Learning – PBL) metodunun tətbiqinə həsr olunmuş hesabat sərgisi təşkil olunub. “Öyrən, yarat, uğur qazan: Gələcək səninlə başlayır” adlı hesabat sərgisində tələbələrin semestr ərzindəki əl işləri, qrafik dizayn proqramları və süni intellekt vasitəsilə hazırladıqları 64 layihə iştirakçıların diqqətinə təqdim edilib. Sərginin əsas məqsədi PBL yanaşmasının tələbələrin yaradıcı potensialının və dizayn bacarıqlarının inkişafına verdiyi töhfəni nümayiş etdirmək olub.

"Unikal" xəbər verir ki, sərgi ilə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin layihələrini yüksək qiymətləndirərək, bu tip innovativ ideyaların əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Layihələrini təqdim olunan tələbələr PBL yanaşmasının onlara praktiki bilik və bacarıqlar qazandırmaqla yanaşı, yaradıcı düşüncələrini reallaşdırmaq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.  

Layihə Əsaslı Öyrənmə (PBL) metodunun hesabat-sərgisində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, təhsildə yeni yanaşmalar olmadan keyfiyyətli təhsil və yüksək nəticə əldə etmək mümkün deyil. O, təhsildə köklü islahatlara ehtiyac olduğunu xüsusi vurğulayıb: “Əsas hədəf fundamental dəyişikliklər edərək tələbəmərkəzli təhsilə keçiddir. Sürətlə dəyişən dünyada nəzəri biliklər ildən-ilə dəyişir, dəyişməyən isə bacarıqlardır. Müəllim-tələbə münasibətləri də bu dəyişikliklər fonunda yeni müstəviyə keçir.”

Rektor qeyd edib ki, Layihə Əsaslı Öyrənmə modeli bu dəyişikliklərə cavab olaraq UNEC-də uğurla tətbiq olunur və ənənəvi sistemlə təhsil alan tələbələrlə müqayisədə daha yüksək nəticələr verir. Bu metod çərçivəsində tələbələr layihə üzərində işləyərək, öz ideyalarını reallaşdırmaq imkanı qazanırlar. Ədalət Muradov bildirib ki, PBL yanaşması öyrənməyi öyrənmək, yaradıcı düşünmək və komanda şəklində işləmək kimi mühüm kompetensiyaların formalaşmasında önəmli rol oynayır.

Rektor bu metodun tətbiqinin xüsusilə süni intellektin tədrisə inteqrasiyası baxımından da çox faydalı olduğunu qeyd edib: “Bu imkanlar sayəsində tələbələr müasir texnologiyalarla işləmə bacarıqlarını artırır, innovativ həllər üzərində düşünür və daha çevik düşüncə tərzi formalaşdırırlar. Bu cür layihələrin gələcəkdə real müəssisələrlə əməkdaşlıq şəklində genişləndirilməsi mümkündür. Belə əməkdaşlıqlar tələbələrin həm ixtisasları üzrə praktiki təcrübə qazanması, həm də iş dünyasına daha hazırlıqlı olması baxımından olduqca faydalıdır”.

Sonda Ədalət Muradov tələbəmərkəzli, bacarıq yönümlü təhsilin gələcəyin əsas istiqaməti olduğunu bir daha vurğulayıb.

UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova çıxışında bildirib ki, bu ilin fevral ayından Layihə Əsaslı (PjBL) və Problem Əsaslı (PBL) model çərçivəsində Dizayn Məktəbində 6 fənn üzrə 11 qrupda dərslər PBL metodologiyası ilə təşkil olunub. O qeyd edib ki, tələbələr real problemlər üzərində işləyərək öz ideyalarını təqdim ediblər, prototiplər hazırlayıblar və təqdimat bacarıqlarını gücləndiriblər. Lalə Məmmədova bu metodun tətbiqinin imtahan nəticələrinə də müsbət təsir etdiyini vurğulayıb.

“Dizayn” kafedrasının müəllimi və PBL metodiki işlərinə rəhbərlik edən Sənubər Şəfiyeva layihənin tətbiqi nəticəsində əldə olunan yeniliklərdən söz açıb. O, Layihə Əsaslı Öyrənmənın dizayn təhsilində yaradıcılığın praktiki bacarıqlarla vəhdətindəki rolundan söz açıb. Bu metodun tələbəyə ideya formalaşdırmaqla yanaşı, onu vizual və funksional şəkildə təqdim etməyi öyrətdiyini qeyd edib.

Çıxışlardan sonra PBL qruplarında tədris olunan Moda və stil fənni üzrə “Transformer geyim” adlı moda kolleksiyası nümayiş olunub. “Dizayn” kafedrasının müəllimi Aytən Yusifkənanın rəhbərliyi ilə tələbələrin eskizləri əsasında hazırlanan geyim modellərini iştirakçılar böyük maraqla qarşılayıblar.

Seçilən
4
7
unikal.az

8Mənbələr