ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Son zamanlar bəzi gənclərin yol hərəkəti qaydalarını pozaraq təhlükəli hərəkətlər etməsi ictimai narahatlıq yaradıb. Avtosfer.az xəbər verir ki, paytaxt və ətraf qəsəbələrdə mopedlərin sayı sürətlə artır. Bununla paralel olaraq təhlükəli vəziyyətlər də çoxalmaqdadır. Səbəb isə bu nəqliyyat vasitələrinin əksər hallarda təcrübəsiz və yol hərəkəti qaydalarını bilməyən gənclər tərəfindən idarə olunmasıdır.
Redaksiyamızın qaynar xəttinə bu məsələ ilə bağlı tez-tez şikayətlər daxil olur. Son olaraq Sabunçu rayon sakinləri moped sürücülərinin məsuliyyətsiz davranışlarından şikayətləniblər. Onların sözlərinə görə, bəzi gənclər mopedləri gecə və gündüz yüksək sürətlə idarə edir, bu isə həm piyada və sürücülər üçün təhlükə yaradır, həm də əhalinin istirahətinə ciddi şəkildə mane olur.
Əlavə olaraq, həmin mopedlərə qanunvericiliyin tələblərinə zidd olaraq səs gücləndirici sistemlər quraşdırılıb, bu da xüsusilə gecə saatlarında yaşayış ərazilərində sakitliyi pozur və insanları narahat edir.
Bəzi gənclər təhlükəli hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Kadrlarda onların həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi risk altına atdığı aydın görünür. Hətta həmin videolardan birində sürücülərdən biri belə yazıb:
"Bir video paylaşdım, maşın sürənlər üstümə düşdü. Deyəsən yan güzgüləriniz qaşınır."
Əldə etdiyimiz məlumata görə, bəzi hallarda moped sürücüləri hərəkət zamanı digər nəqliyyat vasitələrinin yan güzgülərini qəsdən sındıraraq hadisə yerindən uzaqlaşırlar.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi bu cür məsuliyyətsiz davranışlara qarşı ciddi tədbirlər görəcək, yollarda təhlükə yaradan mopedlər aşkarlanaraq duracağa yerləşdiriləcək və sürücülərin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması təmin ediləcək.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.