26 iyun 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvələr Günü qeyd olunub, bayram süfrəsi açılıb.
News24.az xəbər verir ki, bayram tədbirində çıxş edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin önəminə diqqət çəkib, Azərbaycan Silahlı Qüvvələrinin regionda sülhün və təhlükəsizliyin təminindəki roluna diqqət çəkib:
“26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə Müzəffər Ali Baş Komandanımızı, o cümlədən, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik edir, respublikamızın təhlükəsizliyi və rifahı uğrundakı fəaliyyətlərində onlara bütün veteranlar adından yeni uğrular və müvəffəqiyyələr arzulayıram.
Azərbaycan Silahlı Qüvvələri düz 5 il bundan öncə misilsiz tarixi uğura imza atdı. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində erməni faşizmi darmadağın edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu.
44 günlük Vətən müharibəsindəki qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi gücünə görə deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir və Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır.
Bu qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Bugünə qədər Azərbaycanın torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər, 8 Noyabr zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün bugünə qədər istifadə etdikləri imkan və vasitələri birdəfəlik itirdilər.
8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtiylə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər, 8 Noyabr zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı.
Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı, dinclik və əmin-amanlığın başlığa qarantıdır. Vətən müahribəsindən sonra ordumuzda aparılan islahatlar onun peşəkarlığının, maddi-texniki təchizatının yüksəldilməsi istiqamətində atılan addımlar Silahlı Qüvvələrimi daha güclü, daha yenilməz edib. Prezident İlham Əliyev də çıxışlarında bildririb ki, müasir Azərbaycan Ordusu Vətən müharibəsindəki ordudan dəfələrlə güclü və qüdrətdlidir.
Bir daha bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edir, bu əlamətdar gündə şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, Azərbaycan Silahlı Qüvvələri bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizə, xalqımıza yönəlik hər cür təxribatın qarşısını qətiyyətlə alacaq və vətən torpaqlarının keşiyində hər zamankı kimi ayıq-sayıq dayanacaqlar”.
Tədbirdə çıxş edən Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani Azərbaycan Ordusunun yaranma tarixinə nəzər salıb. Polkovnik qeyd edib ki, müasir Azərbaycan Ordusunun yaranması xalqımızın Ümummilli lderi Heydər Əliyevin adı ilə bağlıdır:
“Məhz Ulu öndərin zəhməti və fədakarlığı sayəsində Azəraycanda nizami ordu formalaşmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı islahatlar nəticəsində ordumuz öz peşəkarlığını, döyüş hazırlığını daha da yüksəltmişdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı şanlı qələbə Silahlı Qüvvələrimizin gücünü, qüdrətini əməli şəkildə sübut etdi. Bu qələbə sadəcə Silahlı Qüvvələrimizin qələbəsi olmadı. Bu qələbə həm də Azərbaycan xalqının, onun böyük liderinin, Heydər Əliyev ideyalarının və güclü iqtisadiyyatımızın qələbəsi oldu”.
Millət vəkili Azər Allahverənov da çıxışında Azərbaycan Ordusunun keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, Silahlı Qüvvələrimizin regionda sülhün və təhlükəsizlyin əsas qarantı olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbə respublikamızın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni status-kvo formalaşdırdıki, bu da ümumilikdə bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətlidir.
Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və müharibə veteranları da bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib, Azərbaycan Ordusuna sevgi və ehtiramlarını ifadə ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən hərbi-vətənpərvərlik mahnıları ifa olunub.





