AZ

“Ulu öndər həmişə ordumuza inandığını deyirdi” MİLLİ QƏHRƏMANDAN AÇIQLAMA 26 İYUN FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Təsəvvür edin...

Səhər tezdən Vətən sərhədlərinin bir ucunda torpaq hələ qaranlıqdadır. Sükutun içində bir əsgər postda dayanıb. Əlində silah, gözləri üfüqdə, ürəyi isə ailəsindən uzaqda amma vətənə yaxın... O bilməz ki, bu gün şəhərin mərkəzində uşaqlar onun şərəfinə bayraq yelləyəcək, müəllimlər sinif otağında onun qəhrəmanlığından danışacaq, analar göz yaşları içində "əmanətini qoruyan oğul" deyəcək...

Bu gün 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Bu gün igidlərin, səngərlərin, şəhid məzarlarının önündə susan duaların, qələbə marşlarının, azadlıq ruhunun günüdür. 1918-ci ilin isti bir yay günündə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk dəfə rəsmi şəkildə ordu quruculuğuna start verildi. Əlimizdə imkan yox idi, amma böyük bir məqsəd vardı, müstəqilliyi qorumaq! Yeni yaranmış dövlətin qarşısında təhlükələr çox idi. Xaricdən Ermənistanın, Gürcüstanın və bolşeviklərin təhdidləri, daxildən isə qarışıqlıq, siyasi qeyri-sabitlik, milli və dini müxtəliflik şəraitində idarəçilik çətinlikləri mövcud idi. Belə bir zamanda güclü, disiplinli və milli maraqlara xidmət edən ordu yaratmaq həm həyati zərurət, həm də siyasi cəsarət tələb edirdi. Bu, müsəlman Şərqində ilk müstəqil Türk və İslam dövlətinin öz müstəqil ordusunu yaratmaq cəhdi idi. Əsgərlərin sayı az idi, silah və sursat çatışmırdı, lakin qəlblərdə vətən sevgisi vardı. Minlərlə könüllü gənc ordu sıralarına yazıldı. Onlar üçün hərbi mundir yox idi, amma qürurla geyindikləri bir amalları vardı Azərbaycanı qorumaq, bayrağını yaşatmaq! Eyni zamanda, Qafqaz İslam Ordusu ilə əməkdaşlıq nəticəsində Bakının erməni-bolşevik silahlı dəstələrindən azad olunması 1918-ci il sentyabrın 15-də reallaşdı və bu ordu quruculuğunun ilk böyük uğuru kimi tarixə yazıldı. 1918-1920-ci illər arasında cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömürlü olsa da, ordu quruculuğunda göstərdiyi iradə və atdığı təməlqoyma addımlar sayəsində gələcək nəsillərə güclü dövlətçilik ənənəsi miras qoydu. İllər keçdi...Sovet dönəmi, repressiyalar, müstəqillik arzusu və nəhayət 1991-ci ildə öz dövlətini yenidən bərpa edən Azərbaycan yenidən öz ordusunu qurmağa başladı. Belə bir zamanda dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biri də elə güclü və mütəşəkkil ordu qurmaq idi. Çünki yenicə müstəqillik qazanmış ölkənin sərhədləri təhdid altında, torpaqları işğalda, ordusu isə nizamsız vəziyyətdə idi.

Belə bir çətin dönəmdə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliklə yanaşı, ordu quruculuğunu da prioritet vəzifəyə çevirdi. Bu yol asan olmadı. Zaman-zaman silahsız, mövqesiz qaldıq. Amma heç vaxt ruhsuz olmadıq. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sistemli şəkildə inkişaf etməyə başladı. Çünki o, bilirdi ki, “Dövlətin gücü onun ordusundadır". Ordu dövlətin dayağı, xalqın sığınacağı, müstəqilliyin qarantıdır. Heydər Əliyev bu həqiqəti dərindən anlayırdı və bu səbəbdən 1993-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirməyə başladı. Bu dövrdə atılan təməlqoyma addımları sonrakı illərdə Azərbaycanın hərbi qüdrətinin artmasında həlledici rol oynadı. Ulu öndərin əsasını qoyduğu hərbi strategiya bu gün də Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolunun əsas istiqamətini təşkil edir. Bu gün Azərbaycan əsgəri sadəcə bir əsgər deyil. O, torpağını azad edən, bayrağını yüksəklərə sancan, millətinin adını tarixə qızıl hərflərlə yazan qəhrəmandır. 2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi bir xalqın bir orduya necə çevrildiyini, bir əsgərin bir milləti necə təmsil etdiyini göstərdi. Hər dağ zirvəsində bir şəhid adı, hər kənddə bir qazinin izi qaldı. Onlar qanları ilə bizə bir həqiqəti miras qoydular —Qarabağ Azərbaycandır! Artıq Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir. Yüksək texnologiyalarla təchiz olunmuş, peşəkar heyətlə idarə olunan, beynəlxalq təlimlərdə öz gücünü sübut etmiş bir ordu. Hərbi qulluqçularımız dünyanın müxtəlif ölkələrində sülhməramlı missiyalarda çıxış edir, bayrağımızı təkcə savaşda deyil, sülhün özündə də dalğalandırırlar. Şuşa dağlarında addımlayan əsgər, Xankəndidə namaz qılan gizir, Laçın yolunu qoruyan kapitan, hamısı bu günün qəhrəmanlarıdır. Onlar təkcə əsgər deyillər, onlar xalqın dua yeri, bayrağın dayağı, torpağın sığortasıdır.

Mövzu ilə bağlı tarixçi Zaur Əliyev saytımıza müsahibəsində bildirib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran təhlükələrə sinə gərmək, ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq üçün mütləq şəkildə ordu yaratmalı idi:

"Cümhuriyyətin elan edildiyi gündən silahlı qüvvələrin təşkili prosesinə start verildi. Yeni yaradılacaq ordunun əsasını isə Müsəlman Korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik etmək üçün Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya müraciət olundu. İlk hökumət kabinetində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov bu vəzifəyə təsdiq edilmişdi. Lakin kabinetin buraxılması ilə Hərbi Nazirlik ləğv edildi və ordu quruculuğu işləri rəsmi olaraq Nuru Paşaya həvalə olundu. Eyni zamanda, hökumət strukturunda Qafqaz İslam Ordusu ilə əlaqələri koordinasiya etmək məqsədilə "hərbi işlər üzrə baş müvəkkil" vəzifəsi yaradıldı və bu vəzifəyə İsmayıl xan Ziyadxanov təyin edildi. Peşəkar idarəetməyə olan ehtiyac, hərbi sahədə təkmil qərarların qəbulunu zəruri etdi. Bu məqsədlə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Bu strukturun əhəmiyyətinə görə, ilk vaxtlar rəhbərliyi Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski özü həyata keçirdi. Nazir müavini vəzifəsinə isə tanınmış artilleriya generalı Səməd bəy Mehmandarov təyin olundu və Hərbi Nazirliyin təşkilatlanması ona tapşırıldı. General-leytenant Səməd bəy Mehmandarov qısa müddətdə çətinliklərə baxmayaraq nizami ordu qurmağa müvəffəq oldu. Bu mərhələ hərb tariximizdə yeni bir dövr kimi qiymətləndirilir və milli ordunun formalaşması bilavasitə onun adı ilə bağlıdır. Azərbaycan Cümhuriyyəti ordusunun yaradılması ilə xalqımıza əsrlər boyu unutdurulmağa çalışılan hərb sənəti yenidən bərpa edildi. Dövrün qabaqcıl hərbi təcrübəsinə əsaslanaraq yaradılan ordu, Cümhuriyyətin ən mühüm və sanballı nailiyyətlərindən biri sayılır. Mövcud hərbi sistem və infrastruktur zəif olsa da, vətən və millət dəyərlərinə sadiq olan zabitlər bir araya gələrək bu müqəddəs amal uğrunda ordu quruculuğunu həyata keçirdilər. Cümhuriyyət ordusunda ümumilikdə 28 general xidmət göstərmişdi. Səməd bəy Mehmandarov orduya yalnız peşəkar zabitləri cəlb etmişdi. Azərbaycan dili orduda rəsmi dövlət dili elan edildi. Hərbi nazir tərəfindən orduda xidmət edən qeyri-azərbaycanlı zabitlərə bir ay ərzində komanda sözlərini azərbaycanca öyrənmək və əsgərlərə Azərbaycan dilində əmr vermək tapşırıldı. Bu tələbi yerinə yetirə bilməyənlər isə ordudan xaric edilirdi".

Tarixçi qeyd edib ki, Cümhuriyyət ordusunda 24 min süngü, 6 minlik piyada, süvari, topçu və digər qoşun növləri mövcud idi.

"Xəzər dənizində kiçik bir donanma yaradılmışdı. Orduda hərbi intizamı gücləndirmək məqsədilə Hərbi Nazirliyin yanında "Divani-hərbi" — hərbi tribunal təşkil edilmişdi. Dövlət ordu quruculuğuna ciddi diqqət yetirir, büdcədən bu sahəyə kifayət qədər vəsait ayırırdı. 1918–1920-ci illərdə türk və rus zabitlərinin köməyi ilə piyada və atlı alaylar, artilleriya briqadaları və diviziyalar yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası və 1 kavaleriya diviziyası mövcud idi. Qısa müddətdə Hərbi Nazirliyin tam struktur formalaşdı və il yarım kimi qısa zaman ərzində, zəif iqtisadi və hərbi bazaya baxmayaraq, yüksək döyüş qabiliyyətinə malik ordu quruldu. Bu Cümhuriyyətin ən böyük uğurlarından biri idi".

Zaur Əliyev onuda vurğulayıb ki, 1920-ci ilin aprel işğalından sonra Azərbaycan ordusunun rəhbərliyi repressiyalara məruz qaldı:

"Bir çox hərbi və siyasi xadim mühacirətə məcbur oldu. Sovet hakimiyyətinə qarşı təşkil edilən üsyanlarda ittiham olunan Səməd bəy Mehmandarov və müavini Əliağa Şıxlinski 1920-ci il iyunun 4- də həbs edildilər. Onları güllələnmə cəzası gözləyirdi. Lakin İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun müdaxiləsi nəticəsində azad olundular. Bu dövrdə Cümhuriyyət ordusunun minlərlə əsgəri, 12 generalı, 46 kapitanı, 27 polkovnik və podpolkovniki, 414 zabiti güllələndi. Təkcə Nargin adasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli ilə birlikdə 79 yüksək rütbəli zabit sübutsuz və məhkəməsiz şəkildə edam edilmişdi. Azərbaycan Ordusunun 1200 nəfərlik birləşməsi isə geriyə çəkilərək Türkiyəyə mühacirət etməyə məcbur oldu".

Hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında deyib ki, buğun artıq Azərbaycan Silahlı Qüvvələrinin 107 yaşı qeyd olunur və Azərbaycan Ordusu özünün bütün tərəfləri ilə dünya orduları arasında özünəməxsus yerə sahiblənib:

"Silahlı birləşmələrimiz dünya və NATO ölkələri arasında xüsusi hörmətə və diqqətə layiqdir. Çünki XXI əsrdə öz torpaqlarını öz gücü, əzmi və qətiyyəti hesabına azad edən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycandır. Bu səbəbdən, bu gün dünyanın və NATO-nun diqqəti Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan Ordusuna yönəlib. 44 günlük Vətən müharibəsində biz yalnız Müdafiə Nazirliyi ilə deyil, eyni zamanda tarixdə ilk dəfə Dövlət Sərhəd Xidməti və digər silahlı birləşmələrlə birgə vətən torpaqlarını 30 ilə yaxın davam edən həsrətdən azad etdik. Azərbaycan Ordusu NATO standartlarına yaxınlaşır. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən verilmiş tapşırığa əsasən, ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələrinin standart və modelinə uyğunlaşdırılması istiqamətində ciddi işlər görülməkdədir".

Ekspert qeyd edib ki, dünyada və regionda baş verən hadisələr bizi bu məsələdə daha diqqətli olmağa vadar edir.

"Bu səbəbdən, hesab edirəm ki, gələcəkdə ordumuzu daha müasir silah sistemləri və döyüş taktikası ilə təmin etmək üçün bir sıra tədbirlər görülməli, bəzi sahələr təkmilləşdirilməli və beynəlxalq standartlara daha da yaxınlaşdırılmalıdır. Orduda hələ çox iş görülməlidir. Ordu canlı orqanizmdir, burada müsbət tərəflərlə yanaşı, mənfi cəhətlər də ola bilər. Əsas məqsəd bu mənfi halların aradan qaldırılmasıdır. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin ordularında belə müəyyən çatışmazlıqlar müşahidə olunur. Əminəm ki, biz onların ən yaxşı təcrübələrini götürəcəyik və ordumuz elə bir səviyyəyə çatacaq ki, həm regionda, həm də dünyada Azərbaycanla hesablaşacaqlar. Artıq Azərbaycanla hesablaşırlar, lakin bundan sonra da ordumuzun döyüş qabiliyyəti və bacarığı ilə dünya siyasi arenasında Azərbaycanın daha da möhkəm və özünəməxsus yeri olacaqdır.

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov da Silahlı Qüvvələr Günü ilə bağlı öz fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazandı və bu qələbənin kökləri isə daha əvvələ, Birinci Qarabağ müharibəsinə gedib çıxır.

"Həmin vaxt Azərbaycan ordusu yeni formalaşırdı. Əsas döyüşlər 1993-cü ildə başladı. Həmin dövrdə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və diqqətini ordu quruculuğuna yönəltdi. Ordu formalaşdırılmağa başlandı. Mən hərbi hissə komandiri olarkən, bu briqada qəsəbədə formalaşdırıldı və Heydər Əliyev şəxsən həmin əraziyə gələrək əsgərlərə xeyir-dua verdi. Daha sonra bu əsgərlər Qazax, Goranboy, Murovdağ istiqamətlərində döyüşlərə qatıldılar. Murovdağda aprel ayının 9-da ermənilər hücuma keçdi. Onlar iki istiqamətdən, Tərtər və Goranboydan hücum etməyə çalışdılar. Qanlı döyüşlər getdi. Əsas məqsəd Murovdan keçib Gəncə şəhərini ələ keçirmək və Bakı-Qazax yoluna nəzarət etmək idi".

Fəxrəddin Cəbrayılov bu plan barədə hərbi hissəyə məlumat verənin Heydər Əliyev olduğunu qeyd edib.

"O, Bərdədə bizi çağıraraq açıq şəkildə dedi: “Əgər Murovda dayanmasanız, Gəncəni saxlaya bilməyəcəksiniz”. Həmin dövrdə mən Gəncəni qorumaq üçün bir neçə dəfə əsgər göndərdim. O zamanlar biz bilə bilməzdik ki, Ermənistan və Rusiya Gəncəni ələ keçirmək istəyir və məqsəd Bakı-Tbilisi- Ceyhan neft kəmərinin Gürcüstan üzərindən keçməsinə mane olmaq idi. Rusiya istəyirdi ki, bu kəmər öz ərazisindən keçsin. Həmin dövrdə Tərtər istiqamətində hərbi əməliyyatlara rəhbərlik edən general-mayor Orucov idi. Bu istiqamətdə iştirak edən əsas hərbi hissələr bunlar idi: Murov istiqamətində 172 saylı hərbi hissə, sol istiqamətdə desant briqadası – komandiri Fikrət Məmmədov, onun yanında 157 saylı briqadanın komandiri Rasim Əkbərov, daha sonra 703 saylı motoatıcı briqada – komandiri Lənkəran Əliyev, 777 saylı əlahiddə tabor komandiri Eldar Ağayev ( Milli Qəhrəman), 777-nin digər komandiri Röşən Əkbərov ( general, Milli Qəhrəman), 772 saylı əlahiddə tabor— general-polkovnik Hikmət Mirzəyev, II Qarabağ müharibəsinin qəhrəmanı, Quru Qoşunlarının komandanı. Bu hissələr Azərbaycan tarixində çox mühüm rol oynadılar. Əgər o zaman erməni hücumunun qarşısı alınmasaydı, bu gün tariximiz tamam fərqli olardı. Biz o dövrdə çox sayda şəhid verdik, yaralananlar, əlil olanlar oldu. Amma Heydər Əliyev öz çıxışlarında həmişə deyirdi: “Mən orduma inanıram, əsgərlərim və zabitlərim ermənilərin qabağını alacaqlar".

Milli Qəhrəman vurğulayıb ki, bu gün isə Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir.

"Müasir silahlarla təchiz olunmuş, mərhələ-mərhələ inkişaf etmiş bu ordu Heydər Əliyevin təməlini qoyduğu ordu sisteminin nəticəsidir. Bu siyasət bu gün onun oğlu, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlbəttə, silahların haradan alındığını, kimlərin bizə kömək etdiyini qeyd etmək mümkündür. Amma əsas məsələ budur ki, bu ordunun təməlini Birinci Qarabağ müharibəsində iştirak edən əsgər və zabitlər qoydu. Onlara dərin hörmət və minnətdarlıq düşür". Əgər bu gün bir uşaq atasına zəng vurub "Qorxma ata, mən buradayam" deyirsə… Əgər bu gün bir şəhid anası oğlunun adına bayram süfrəsi açırsa… Əgər bu gün bir qazimiz yenidən ayağa qalxıb vətənə xidmətə hazırdırsa… Deməli bu gün, Ordu Günü sadəcə hərbi bir tarix deyil. Bu bir millətin qürur günü, birliyin simvolu, şəhid ruhlarına ünvanlanan salamdır. Bayramınız Mübarək!

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr