AZ

Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan

Müasir tariximizə möhtəşəm 22 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. 

Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.

1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm illəri kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi.

21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.

“Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı. 

2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. 

Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.  

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. 

Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranmışdır. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşmışdır.  

2017-ci il sentyabrın 14-də  Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.  

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.

Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi.

Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.

Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 9 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. 

Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. 

Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb. 

Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir. 

Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir. 

Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. 

Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2025-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır.

Cənab Prezidentin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. 

Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 22 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. 

Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. 

Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. 

Qələbədən sonrakı dörd il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 21 milyard manat vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. 

Şanlı  Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. 

Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən rəşadətli Ordumuz mülki şəxslərə humanist davranışı ilə yeni bir sivil nümunə göstərmişdir. 

Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik. 

Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində  gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir.   

İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi günləri yaşayırıq.

Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. 

Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

 

Şamo Qasımov,

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr