AZ

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

Bu gün - 26 iyun tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü.

Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.

Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi. Bu, ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Prezident Heydər Əliyevin 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında imzaladığı fərman və 2011, 2013-cü illərdə keçirilən hərbi paradlar Azərbaycan Ordusunun inkişaf yolunun mühüm mərhələləridir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu müxtəlif qoşun növləri ilə potensial təhdidlərə qarşı yüksək hazırlığa malikdir. MDB çərçivəsində ən güclü hava hücumundan müdafiə qüvvələrinə sahibdir.

Prezident İlham Əliyev dövründə ordu quruculuğu tamamilə yeni mərhələyə qədəm qoydu. Peşəkarlığın artırılması, döyüş ruhunun yüksəldilməsi, müasir texnika ilə təminat əsas prioritetlər oldu.

Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan hərbi sənaye kompleksi Azərbaycanda 1000-dən çox hərbi təyinatlı məhsulun istehsalını mümkün edib.

2016-cı il Aprel döyüşləri və 2020-ci il Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini əyani şəkildə sübut etdi. 44 günlük müharibə nəticəsində 5 şəhər, 4 qəsəbə və 300-dək kənd işğaldan azad olundu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı – dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və xalqın azadlığını qorumaqdır.

Bu çətin və şərəfli işdə göstərdikləri şücaətə görə, silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli xidmətlərində uğurlar arzu edirik.

Seçilən
23
afn.az

1Mənbələr