AZ

Azərbaycan ordusunun qüdrəti bu gün regionda reallıqları dəyişib - RƏY

“Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə, əlahiddə korpus yaradıldı və bu, Azərbaycan ordusunun yaradılması istiqamətində atılmış ilk addım kimi dəyərləndirilir. Sonradan 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Azərbaycanın işğalı bu prosesi dayandırdı. 1993-cü ildən etibarən Azərbaycanda nizami ordu yenidən formalaşmağa başladı. Əslində, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra proses başlanılmışdı, amma o zaman nizami ordu quruculuğuna nail olmaq mümkün olmadı, çünki Azərbaycan müharibə şəraitində idi, könüllü batalyonlar formalaşmışdı. Nizami ordu quruculuğu 1993-cü ilin sonlarından formalaşmağa başlayıb. Bu illər ərzində Azərbaycanda müasir tələblərə cavab verən ordu hissələri yaradılıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

 

Deputat bildirib ki, hazırda Azərbaycan ordusu ən yeni silahlarla təchiz olunub: “Ən başlıcası Azərbaycanda hərbi sənaye kompleksi yaranıb. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə, Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu gün hərbi sənayemiz inkişaf etməkdədir. Artıq Azərbaycanın silah arsenalını formalaşdıran hərbi sənayemiz digər ölkələrə də silah satışını reallaşdırmağa başlayıb. Azərbaycan daxildə, eləcə də beynəlxalq miqyasda keçirilən bütün hərbi sərgilərdə öz hərbi məhsulları ilə iştirak edir. Azərbaycan ordusu öz qüdrətini 2020-ci ilin 44 günlük müharibəsində ən yüksək səviyyədə göstərdi. Ordumuz 44 gün ərzində yüksək performans sərgilədi. Yeni müasir, beşinci nəsil silahlardan istifadə etməklə qazanılan möhtəşəm qələbə ordumuzun qüdrətindən xəbər verir. Müharibədəki taktiki gedişlər bir çox aparıcı ölkələrin hərbi dərsliklərinə salınıb və tədris edilməkdədir. Hazırda ordumuz həm güclənir, həm də daxilində bir sıra qurumlar formalaşdırılı. Xüsusi təyinatlılarımız, dəniz pişiklərimiz və digər komandoslar, hərbi hissələrimiz… Ordumuz bu gün aparıcı ölkələrin orduları sırasında özünə yer tutur. Azərbaycan ordusunun qüdrəti bu gün regionda reallıqları dəyişib. Tam mübaliğəsiz demək olar ki, Azərbaycan regionun ən güclü ordularından birinə malikdir. Əminəm ki, ordumuz daha da qüvvətlənəcək. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla ordumuzun zabit və əsgər heyətini təbrik edir, ordumuza daha da qüdrətli olmağı arzulayıram”.

 

Aytəkin Qardaşova

Tarix: 26 İyun 2025, 17:20   
Seçilən
17
1
pravda.az

2Mənbələr