Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının final mərhələsində "Loru" FK, əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda "Amasiya" FK üzərində penaltilər seriyasında 4:3 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Final matçı gərgin və bərabər səviyyədə mübarizə ilə yadda qalıb. Amasiya FK-nın turnir boyunca nümayiş etdirdiyi sistemli oyun finalda da özünü göstərib.
Oyundan sonra Loru FK-nın qurucu üzvü Vüqar Hacıyev 90deqiqe.Az-a açıqlamasında bu görüşün xüsusi məsuliyyət daşıdığını bildirib:
“Amasiya FK çox nizamlı və hazırlıqlı komanda idi. Finalda belə bir rəqiblə qarşılaşmaq bizim üçün asan olmadı. Futbolçularımız sona qədər mübarizə apardı və bu çətin oyunu qələbə ilə tamamladı.”
O, eyni zamanda çempionatın təşkilati və mənəvi baxımdan dəyərini də qeyd edib:
“Bu turnir sadəcə oyunlardan ibarət deyildi. Qərbi Azərbaycan adından çıxış edən komandalar arasında birlik və təmsilçilik ruhu hiss olunurdu. Belə yarışlar bizi bir araya gətirir.”
Komandanın digər qurucu üzvü Elman Məmmədov isə çempionluğun yalnız nəticə deyil, daha böyük mənəvi anlam daşıdığını bildirib:
“Turnirin əvvəlindən əsas məqsədimiz Qərbi Azərbaycanı və Loru mahalını layiqincə təmsil etmək idi. Bu yolda sona qədər birliyimizi və iradəmizi qoruduq. Amasiyaya qarşı əldə olunan bu qələbə bizim üçün həm idman, həm də mənəvi qələbədir.”
Beləliklə, Loru FK Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının rəsmi çempionu adını qazanıb.
Xatırladaq ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komanda iştirak edib. Bunlar “Axta”, "Allahverdi, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar” komandalarıdır.