ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keyn Pentaqonda keçirilən mətbuat konfransında dünya ictimaiyyətinə GBU-57 MOP – dünyanın ən böyük qeyri-nüvə bombası barədə ətraflı məlumat təqdim edib.
Ölkə.Az-ın məlumatına görə, general bildirib ki, İsrail-İran müharibəsinə ABŞ-ın müdaxiləsindən sonra bu silah ilk dəfə real döyüş şəraitində istifadə olunub. GBU-57 MOP xüsusi olaraq yeraltı bunkerləri və möhkəmləndirilmiş obyektləri məhv etmək üçün hazırlanıb və çox dərinlikdə yerləşən hədəfləri vurmaq gücünə malikdir.
"Bu silah, yeraltı təhlükələrə qarşı üstünlük yaratmaq üçün düşünülmüş strateji cavabdır", – deyə Dən Keyn vurğulayıb.
MOP – Massive Ordnance Penetrator (Kütləvi nüfuz edən bomba) – 13 tonluq ağırlığı ilə qeyri-nüvə silahları arasında ən dağıdıcı gücə sahib vasitə sayılır. ABŞ-ın bu silahı İrana qarşı tətbiq etməsi beynəlxalq təhlükəsizlik dairələrində ciddi rezonans doğurub.
Qeyd olunur ki, GBU-57 İranın dərin yeraltı obyektlərinə yönəldilib və zərbə nəticəsində strateji infrastruktura ciddi ziyan dəyib. Hadisə bir çox müşahidəçilər tərəfindən “yeni mərhələnin başlanğıcı” kimi qiymətləndirilir.
Hazırda dünya mediası və hərbi ekspertlər bu silahın istifadəsinin geosiyasi balanslara necə təsir edəcəyini müzakirə edir.
Ölkə.Az