ABŞ prezidenti Donald Tramp demokratları Vaşinqtonun İrana zərbələrinin nəticələrinə dair ABŞ kəşfiyyatının ilkin məlumatlarını jurnalistlərə ötürməkdə ittiham edib və onların cavab verməli olduqlarını bildirib.
AFN.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb. "Demokratlar İranın nüvə obyektlərinə edilən qüsursuz hava hücumunu sızdırıblar. Onlar cavab verməlidirlər", - deyə ABŞ prezidenti bildirib. O, müxalif Demokrat Partiyasının hansı üzvünü nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Ağ Evin mətbuat katibi Karoline Leavitt iyunun 25-də bildirmişdi ki, kəşfiyyat məlumatlarını CNN-ə sızdıran işçi həbs cəzasına məhkum edilməlidir. Onun sözlərinə görə, FTB məlumatı kimin sızdırdığını tapmaq üçün araşdırma aparır.