AZ

“Vizanın aradan qalxması həm vaxt, həm xərc baxımından böyük üstünlükdür” - Xalid Kərimli

Azərbaycanla Çin arasında vizaların qarşılıqlı surətdə ləğvi hər iki ölkə üçün, xüsusilə də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Bu barədə iqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çin texnoloji, iqtisadi və turizm potensialı baxımından dünyanın ən güclü və sürətlə inkişaf edən ölkələrindən biridir. Azərbaycanın isə bu ölkə ilə əməkdaşlıq üçün kifayət qədər əlverişli imkanları mövcuddur:

"Azərbaycan həm Çin bazarına məhsul ixrac etmək, həm iqtisadi-ticari əlaqələri genişləndirmək, həm də Çinlə turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək baxımından böyük potensiala malikdir. Vizanın ləğvi bu proseslərə mane olan texniki və inzibati baryerləri aradan qaldırır."

İqtisadçı qeyd edir ki, indiyədək Azərbaycanlı sahibkarların və iş adamlarının Çin sərgilərində və tədbirlərində iştirak etməsi viza prosedurlarına görə həm vaxt, həm də xərclər baxımından çətinlik yaradırdı:

"İşgüzar şəxslər viza almaq üçün çox vaxt və maliyyə sərf etməli olurdular. Bu isə onların Çindəki mühüm tədbirlərə, sərgilərə, işgüzar görüşlərə iştirakını çətinləşdirirdi. Eyni vəziyyət Çin vətəndaşlarının Azərbaycana gəlməsi üçün də keçərli idi."

Xalid Kərimlinin fikrincə, viza rejiminin ləğvi həm Çinli turistlərin Azərbaycana cəlb olunmasına, həm də Çinli sahibkarların ölkəmizdəki layihələrə və sərmayə imkanlarına marağının artmasına səbəb olacaq.

"Çin bizim üçün həm böyük bazar, həm də öyrəniləsi modeldir. Azərbaycanın sahibkarlarının Çin bazarında iştirak etməsi, yenilikləri yerində öyrənməsi üçün bu qərar çox əhəmiyyətlidir. Eyni zamanda, Çinli sahibkarların da Azərbaycana səfərləri və investisiya imkanlarını araşdırmaları daha da asanlaşacaq."

Sonda iqtisadçı bildirib ki, vizasız rejim həm işgüzar şəxslərin, həm də vətəndaşların hərəkətliliyini artıracaq, vaxt və vəsait itkisini aradan qaldıracaq, eyni zamanda iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə zəmin yaradacaq.

Seçilən
10
news365.az

1Mənbələr