AZ

Mingəçevirli balıqçı: "Yaxşı balıqlar su anbarında olur, mən isə onları kanalda tuturam" - REPORTAJ

MİNGƏÇEVİR, 27 iyun. TELEQRAF

"Balıq ovu mənim üçün gözəl bir istirahət vasitəsi və sağlamlığımın təminatıdır".

Bunu Teleqraf-ın yerli bürosuna 70 yaşlı Mingəçevir sakini, həvəskar balıqçı Rəhman Adiloğlu deyib.

O, gənc yaşlarından bu xobbinin vurğunudur: "Balıq əti sağlamlıq üçün də önəmli qida məhsullarındandır. Amma mən illərdir balıq tutmaqda daha çox mənəvi-psixoloji zövq alıram. Tilovu suya atıb, tərpənməsini gözləmək fərqli bir duyğudur. Bəzən bir-iki saat ərzində bir neçə balıq tuturam. Bəzənsə bir gündə qarmağa bir balıq da yaxın düşmür. Belə hallarda qəti üzülmürəm. Mənim üçün əsas ov edib dincəlməkdir, evə balıqsız dönsəm də olar".

Rəhman kişi şəhərin sənaye müəssisələrindən birində çalışır. Dörd günlük tətili fürsət bilib, Qarabağ müharibəsi iştirakçısı olan oğlu ilə Yuxarı Qarabağ kanalının sahilinə, suya qarmaq atmağa gəlib. Başqa vaxtlarda işlədiyi üçün yalnız şənbə-bazar balıq ovuna çıxmağı macal tapır:

"Mingəçevir böyük su anbarı, şəhəri ikiyə bölüb keçən Kür çayı və Yuxarı Qarabağ kanalı ilə əhatə olunub. Şəhərdə həvəskar balıqçılar çoxdur. Xüsusilə günorta saatlarından axşam sərininə doğru su hövzələrinə xeyli sayda həvəskarlar yığışır. Amma mən əsasən Qarabağ kanalına üstünlük verirəm. Bura mənə daha xoşdur".

Yaşlı balıqçı kanalda daha çox siyənək və çapaq ballqlarına rast gəldiyini deyir: "Tilovu suya atanda həmişə ürəyimdən sıf balığı, şahmayı, sazan tutnaq keçir. Amma onlara nadir halda rast gəlirəm. Adlarını çəkdiyim balıqlar əsasən Mingəçevir su anbarı hövzəsində olur. Mən isə onları kanalda gözləyirəm..."

Balıqçı Rəhman Adiloğlu hamıya belə istirahəti məsləhət bilir. Deyir ki, narahatlığı olan insanlar üçün balıq ovu məlhəmdir.

Yeri gəlmişkən, Rəhman kişi ilə görüşümüz onun üçün düşərli oldu. Xeyli müddətdir qarmaq atıb sahildə gözləyən həmsöhbətimiz ilk balığını elə bu zaman tutdu.

Sonda onu xatırladaq ki, bu gün - 27 iyun Ümumdünya Balıqçılıq Günüdür.

Qarmağınıza iri balıqlar düşsün!

Seçilən
6
teleqraf.com

1Mənbələr