Dünən axşam "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş partlayış hadisəsi ictimaiyyətdə ciddi narahatlıq doğurub. Məlum olub ki, partlayış kinostudiyanın ərazisində saxlanılan pirotexniki vasitələrin olduğu anbarda qeydə alınıb. Hadisə pirotexniki vasitələrin saxlanması və istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarının nə dərəcədə yerinə yetirildiyini gündəmə gətirib.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bu cür vasitələrin daşınması, saxlanması və istifadəsi ciddi normativlərlə tənzimlənir və yalnız xüsusi icazə əsasında həyata keçirilə bilər.
Onun sözlərinə görə, bu vasitələr təhlükəli olduğu üçün mülki dövriyyədə istifadəsi qadağandır və yalnız xüsusi icazə əsasında tətbiq edilə bilər:
"Pirotexniki vasitələrdən istifadə edən şəxslərin bu sahədə bilik və bacarığa malik olması vacibdir. Eyni zamanda, bu vasitələrin saxlandığı yerlərdə ciddi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Saxlanma məntəqələrində işıqlandırma, havalandırma, rütubət və digər normativlər nəzərə alınmalıdır".
Ekspert qeyd edib ki, bu tələblərin pozulması istismar zamanı partlayış və yanğınlara, istifadəçilərin xəsarət almasına, ayrılan tüstü isə zəhərlənməyə səbəb ola bilər.