Azərbaycandan xaricə turist axını azalıb. Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 807,6 milyon nəfər turist gedib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır. Azərbaycana turist gəlişi 1,5% artıb. Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hazırda ölkə ərazisində turizm sektorunda vəziyyət necədir?

Moderator.az-a danışan turizm ekspert Ceyhun Aşurov bildirib ki, ölkəmizdə hazırda turizmin vəziyyətini qiymətləndirərkən demək lazımdır ki, son dövrlərdə yaşanan siyasi və geosiyasi gərginliklər Azərbaycan turizminə də təsirsiz ötüşməyib.
Onun sözlərinə görə, bu təsirlər xüsusilə Rusiya-Ukrayna müharibəsi, Hindistan və Pakistan arasındakı gərginlik, eləcə də son günlərdə 10 gündən çox davam edən İran-İsrail müharibəsi ilə bağlıdır:
“Sadalanan ölkələrdən Azərbaycana daha çox turist gəlirdi və onlar ilk onluqda yer alırdılar. Lakin son gərginliklər səbəbindən hava məkanlarının bağlanması – xüsusilə İran və İsrail üzərindən uçuşların məhdudlaşdırılması – hətta Körfəz ölkələrindən gələn turistlərin sayına da mənfi təsir göstərib. Ümumilikdə 2024-cü ilin turizm göstəriciləri 2023-cü illə müqayisədə artsa da, qeyd etmək lazımdır ki, hazırkı reallıqlar fonunda Azərbaycan turizm bazarı hələ də COVID-dən əvvəlki dövrlə müqayisədə tam bərpa olunmayıb. Bu proses hələ də davam edir və bərpa mərhələsindədir. Bu səbəbdən Azərbaycan alternativ bazarlara yönəlir, viza rejimini sadələşdirir və qarşılıqlı vizaların ləğvi istiqamətində addımlar atır. Eyni zamanda, birbaşa uçuşların sayının artırılması da gündəmdədir. Məqsəd – turistlər üçün Azərbaycana gəlməyi daha əlverişli etməkdir. Ümid edirik ki, yaranmış bu gərginliklər tamamilə aradan qalxdıqdan sonra ölkəmizin turizm bazarı daha sürətli templə bərpa olunacaq.
Getmə turizmin vəziyyətinə nəzər yetirdikdə demək olar ki, bu sahə gəlmə turizmlə müqayisədə daha passivdir. Hazırda Azərbaycana gələn turistlərin sayı artmaqda olsa da, ölkədən çıxış edənlərin – yəni getmə turizmin – bərpa tempi nisbətən zəifdir. Məsələn, 2019-cu ildə ölkədən xaricə səfər edənlərin sayı təxminən 5,5 milyon nəfər idisə, 2024-cü ildə bu göstərici cəmi 2 milyon nəfəri bir qədər ötüb. Bu da onu göstərir ki, getmə turizm bazarı hələlik 50 faizə qədər bərpa olunub.
Getmə turizmin tam bərpa olunmamasına təsir edən əsas səbəblərdən biri də qlobal iqtisadi böhran və qiymət artımlarıdır. Ənənəvi turizm istiqamətlərində, xüsusilə də Türkiyə kimi məkanlarda qiymətlərin 50–60 faizə qədər bahalaşması müşahidə olunur. Bu isə vətəndaşların xaricə səyahət qərarına birbaşa təsir edir. Qiymətlərin yüksəkliyi nəticəsində bir çox insanlar ya səyahətdən imtina edir, ya da alternativ, daha ucuz istiqamətlərə yönəlirlər.
Digər tərəfdən, turizm bazarı elə bir sahədir ki, özünü tez bərpa etmək potensialına malikdir. Turizm şirkətləri daim yeni istiqamətlər axtarır, təkliflər irəli sürür və dünya üzrə turizm destinasiyaları arasında rəqabət daim mövcuddur”.
Turizm eksperti onu da əlavə edib ki, Azərbaycanla bağlı statistik tendensiyalara baxdıqda görünür ki, COVID-dən əvvəlki dövrlərdə ölkədən xaricə gedənlərin sayı ölkəyə gələnlərdən daha çox olurdu:
“Yəni Azərbaycan daha çox “çıxış turizmi” ilə fərqlənirdi. Lakin son illərdə yaranmış şərait fonunda daxili turizm daha aktivləşib. İnsanlar səyahət üçün ölkə daxilindəki məkanlara üz tuturlar.
Bu il ölkə daxilində qiymətlərin yüksək olacağı gözlənilmir. Keçən illə müqayisədə daxili turizmə tələbin artması daxili bazarda aktivliyi artırıb. Nəticədə otellərdən tutmuş kənd evləri və ailəvi istirahət məkanlarınadək müxtəlif yerləşmə növlərinin sayı artır. Bu isə daxili turizmdə qiymət artımının qarşısını qismən alır və vətəndaşlara əlavə seçim imkanları yaradır. Bu baxımdan, daxili turizmin inkişafı həm iqtisadi, həm də sosial baxımdan müsbət hal kimi dəyərləndirilə bilər”.
Mehin Mehmanqızı