AZ

"Avropa İttifaqı Ukraynaya milyardlarla avro ayırır və üzvlük yolunu açır - Orban təklikdə qalır" - Ukrayna mətbuatı

"Ukrayna öz işini görüb - indi növbə bizdədir. Əgər üzvlük meyarlarla ölçülürsə, deməli, Ukrayna irəli getməyə layiqdir..."

Brüsseldə keçirilən Avropa İttifaqı sammitində Ukrayna ilə bağlı iki əsas qərar qəbul edilib: ölkəyə 30,6 milyard avro maliyyə yardımı ayrılır və Avropa İttifaqına üzvlük üzrə rəsmi danışıqların ilk mərhələsi - birinci klasterin açılması dəstəklənir.

Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.

Məlumatda deyilir ki, hər iki qərar 26 üzv ölkənin yekdil razılığı ilə qəbul olunub. Yalnız Macarıstan baş naziri Viktor Orban buna qarşı çıxıb və razılıq verməyib.

"Ukrayna irəliləməyə layiqdir"

Sammitdə çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen və Avropa Şurasının prezidenti Antonio Koşta Ukraynanın üzvlük yolunda əldə etdiyi irəliləyişi vurğulayaraq, islahatların sürətinə heyran olduqlarını bildirib. Fon der Lyayyen deyib: "Ukrayna öz işini görüb - indi növbə bizdədir. Əgər üzvlük meyarlarla ölçülürsə, deməli, Ukrayna irəli getməyə layiqdir".

Avropa liderləri Ukrayna ilə danışıqların başlanması üçün birinci klasterin - əsas prinsiplərlə bağlı müzakirələrin açılmasına razılıq verib. Bu, Avropa Komissiyasının son qiymətləndirməsinə əsaslanır və üzvlüyə doğru real addım hesab olunur.

Maliyyə və hərbi dəstək davam edəcək

Bununla yanaşı, Avropa İttifaqı Ukraynaya hərtərəfli və uzunmüddətli dəstəyin davam etdiriləcəyini bəyan edib. 2025-ci il üçün nəzərdə tutulan 30,6 milyard avroluq yardım paketinin 3,5 milyardı artıq Ukrayna Fondu çərçivəsində ayrılıb, 7 milyard avro isə "Böyük Yeddilik" ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən əlavə gəlirlərdən formalaşdırılıb. Sənəddə qeyd olunur ki, bu maliyyə yardımı ilə yanaşı, Avropa İttifaqı Ukraynanın hava hücumundan müdafiə sistemləri, dron əleyhinə vasitələr və iriçaplı sursatlarla təminatını da gücləndirməyə çağırır.

Moskvanın bombardmanlarına sərt reaksiya

Avropa liderləri Rusiyanın Ukrayna şəhərlərinə və mülki infrastruktura davamlı raket zərbələrini qətiyyətlə pisləyib və Moskvadan dərhal və qeyd-şərtsiz atəşkəs tələb edib. Həmçinin Rusiyanın "kölgə donanması"na qarşı əlavə sanksiyaların tətbiqi gündəmdədir - bu donanma sanksiyalardan yayınmaq üçün istifadə olunur və Avropa üçün təhlükə mənbəyidir.

Macarıstan niyə etiraz edir?

Macarıstan isə bu nikbin atmosferə tamamilə zidd mövqe sərgiləyib. Viktor Orban bəyan edib ki, müharibə şəraitində olan Ukraynanın Avropa İttifaqına inteqrasiyası düzgün addım deyil və bu, İttifaqı Rusiya ilə birbaşa qarşıdurmaya sürükləyə bilər. Onun sözlərinə görə, müharibə qurtarmadan bu cür qərarlar verilməməlidir. Beləliklə, Avropa İttifaqının böyük əksəriyyəti Ukraynanın Avropa gələcəyinə qapı açdığı bir vaxtda, Macarıstan öz müxalif mövqeyi ilə tək qalıb.

Seçilən
28
moderator.az

1Mənbələr