AZ

Türkiyədə gözlənilməz proseslər: bu şəxslə bağlı fövqəladə qərar – siyasətə qayıdır

Türkiyə siyasətində gözlənilməz iddia gündəmə gəlib. Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunu yenidən partiya rəhbərliyinə gətirmək üçün gizli plan qurduğu iddia olunur. Bu ittifaq ssenarisi siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.

Bu plan nə qədər realdır? Hansı məqsədlərə xidmət edir?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Kamal Kılıçdaroğlunun yenidən CHP-yə gətirilməsi sadəcə bir partiya sədrinin dəyişməsi deyil, Türkiyədə gedən daha geniş siyasi və ideoloji transformasiyanın bir hissəsi kimi görünür.

Onun sözlərinə görə, son dövrlərdə yaşanan hadisələr, açıqlamalar və siyasi aktivliklər gələcək seçkilərə hazırlıq prosesinin artıq başladığını göstərir:

“Ərdoğan və Dövlət Bağçalı son çıxışlarında Türkiyədə konstitusiya dəyişikliyi zərurətindən açıq şəkildə bəhs edirlər. Bu dəyişikliklər təkcə hüquqi çərçivə ilə bağlı deyil, həm də Türkiyənin regional və ideoloji mövqeyini yenidən müəyyənləşdirməyə yönəlib. Bu yeni dönəmdə məqsəd Türkiyəni Yaxın Şərqə daha yaxın, Qərbdə isə müstəqil bir model olaraq formalaşdırmaqdır. Türkiyə uzun illər Avropaya inteqrasiya etməyə çalışsa da, bu səylər uğursuz qalıb. Avropa bir tərəfdən Türkiyəni müsəlman, sünni kimliyi ilə qəbul etməyə meylli deyil, digər tərəfdən isə Türkiyənin daxilindəki sistem – məzhəbi qruplaşmalar, siyasi fraksiyalar və toplum strukturunun qeyri-Qərb modelinə uyğun olması bu inteqrasiyanın qarşısını alır. Baxmayaraq ki, Türkiyə demokratik idarəetməyə malikdir, lakin sistem daxilində sünni-şiə, kürd-türk, alevi-sünni kimi sosial-siyasi qütbləşmələr hələ də mühüm rol oynayır. Bu təbəqələrin siyasətdəki rolu təkcə partiyalarla deyil, həm də dövlətin öz quruluşu ilə sıx bağlıdır”.

Politoloq deyib ki, son illərdə kürd siyasi qruplarının sistemə daha çox inteqrasiya olunduğu müşahidə edilir:

“Bu kontekstdə PKK lideri Abdullah Öcalanın simvolik də olsa, siyasətdə təmsil olunması planlaşdırılır. Bu, təkcə kürdlərin sistemə daxil edilməsi yox, həm də yeni konstitusiya dəyişikliklərində legitimlik yaratmaq üçün sosial təbəqələrin razılığını almaq məqsədi daşıyır. MHP lideri Bağçalı və digər sağ-mühafizəkar çevrələrin Öcalan kartını masaya çıxarması, həm daxili sabitlik üçün, həm də konstitusiya dəyişikliyində kürd elektoratının dəstəyini qazanmaq üçün atılmış strateji addım kimi görünür. CHP daxilində də dəyişikliklər təsadüfi deyil. Kılıçdaroğlunun könüllü şəkildə geri çəkilməsi, Özgür Özəlin partiya liderliyinə gəlməsi ilə yeni bir mərhələ başlasa da, bu xəttin radikal və hakimiyyətə qarşı daha sərt ritorika yürütməsi iqtidarda narahatlıq doğurub”.

R.Məmmədovanın fikrincə, Əkrəm İmamoğlu və Mansur Yavaş kimi populyar liderlərin önə çıxması da hakimiyyət üçün riskdir:

“Bu səbəbdən də, daha “loyal”, daha “idarəolunan” lider olaraq Kılıçdaroğlunun yenidən önə çəkilməsi gündəmə gəlib. CHP-nin daxilindəki dinamikanı tənzimləmək və iqtidarla mümkün siyasi konsensus yaratmaq baxımından Kılıçdaroğlu daha uyğun fiqur sayılır. Ərdoğanın növbəti seçkidə yenidən namizədliyinin irəli sürülməsi üçün konstitusiya dəyişikliyi əsas şərtdir. Bu dəyişikliklər təkcə hüquqi mexanizmlərlə məhdudlaşmır. Əslində məqsəd – Yaxın Şərqdə “özünəməxsus” yeni model: həm şəriət dəyərlərinə uyğun, həm də formal olaraq demokratik görünən bir sistemin formalaşdırılmasıdır. Bu sistemin bənzəri Suriyada və Liviyada da tətbiq olunmağa çalışılıb – müxtəlif məzhəblərin və qrupların tək hökumət daxilində təmsil olunduğu model. Türkiyədə də bu model tədricən formalaşdırılır. Sünniləri AKP və MHP, kürdləri HDP vasitəsilə, aleviləri isə Kılıçdaroğlu ilə sistemə cəlb etmək planı yeni konstitusiyanın sosial bazasını formalaşdırmağa yönəlib”.

Politoloqun dediklərinə görə, görünən odur ki, Türkiyədə artıq yeni bir siyasi və ideoloji nizamın bünövrəsi qoyulur:

“Bu nizam, müxtəlif sosial və dini təbəqələri sistemə inteqrasiya etməklə sabitlik yaratmaq, eyni zamanda konstitusiyanı dəyişərək siyasi manevrlər üçün geniş imkanlar açmaq məqsədi daşıyır. Bu kontekstdə Kılıçdaroğlunun CHP-yə qayıdışı da sadə sədr dəyişikliyi deyil – bu, “yeni Türkiyə” üçün sınaqdan keçmiş bir fiqurun yenidən siyasi sistemə yerləşdirilməsidir”.

Seçilən
21
editor.az

1Mənbələr