Fransa dövlətinə məxsus nüvə enerji şirkəti Orano, 2025-ci ilin iyun ayından etibarən Ermənistana obedinləşdirilmiş uran tullantıları göndərməyə başlayıb. Məlumatı Fransa mətbuatı courrierfrance24.fr yayıb.
KONKRET.az xəbər verir ki, Fransa əvvəllər bu tullantıları Rusiyada saxlayırdı. Lakin Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyalar bu praktikaya son qoydu. Yeni hədəf isə Ermənistanın ən ekoloji həssas ərazisi olan Dilican milli parkı olub. Məhz burada seysmik aktiv zonada və nəsli kəsilməkdə olan canlıların yaşadığı biosfer qoruğunda ilk partiyalar saxlanılır.
800 min avro kimdən gəlib?
Maraqlıdır ki, tullantıların daşınmasından bir neçə həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Parisə rəsmi səfər etmiş, Fransa prezidenti Emmanuel Makron və nüvə sənayesi rəhbərləri ilə görüşmüşdü.
Ardınca isə Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “My Step” fondu, 2025-ci ilin aprel və may aylarında Fransa mənşəli müəmmalı bir şirkətdən 800 min avro ianə alıb. Həmin şirkətin daha əvvəl xeyriyyəçilik fəaliyyəti olmadığı bildirilir və pulların haradan gəldiyi, hansı məqsədlə göndərildiyi açıqlanmır.
Ekoloji və siyasi risklər
Əldə olunan daxili sənədlərə əsasən, bu “ixrac planı” tam gizli şəkildə hazırlanıb. Ekoloqlar həyəcan təbili çalır: nüvə tullantıları min illərlə radioaktiv olaraq qalır və torpağa sızaraq ekosistemi zəhərləyə bilər. Üstəlik, belə təhlükəli maddələrin saxlandığı zonanın həm zəlzələ riski, həm də nadir canlılarla zəngin olması, vəziyyəti daha da kritik edir.
Zəngin ölkələr, kasıb ölkələrə tullantı ixrac edir
Ekspertlər bu prosesi “ekoloji kolonializm” adlandırır. Yəni zəngin dövlətlər öz təhlükəli tullantılarını daha zəif və az tənzimlənən ölkələrə göndərir. Ancaq bu dəfəki fərq, siyasi rəhbərlərin, o cümlədən Paşinyan ailəsinin mümkün iştirakıdır.
Mövzu ilə bağlı nə Ermənistan hökuməti, nə də “My Step” fondu indiyədək rəsmi şərh verməyib.
Natiq Səlim,
KONKRET.az