AZ

Səfərovlar ailəsinə sübh tezdən basqının TƏFƏRRÜATLARI – Ölənlərin sayı arta bilər

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi təfərrüatları məlum olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis Paşayevin  qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər.

Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara doldurub polis idarəsinə aparıblar.

Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itiriblər.

Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub.

Qətl hadisəsi isə kafedə baş verib. Ağdam rayonundan olan Yunus Paşayev 24 il əvvəl kafenin mətbəxində bıçaqlanıb. Yaralı xəstəxanaya aparılsa da, orada ölüb. Ölərkən də Səfərovların adlarını çəkib.

Qeyd olunur ki, Yunus Paşayev Səfərovlar ailəsinin uzaq qohumudur. Onun ölümündən sonra qohumlar arasında nifaq yaransa da, sonradan barışıblar. Lakin 24 il sonra Paşayevin qohumları yenidən bu işi qaldırıblar. Nəticədə iyunun 27-də məlum əməliyyat baş tutub.

Saxlanılanlardan üç nəfər – Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Bu arada modern.az Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərovun da işgəncələr nəticəsində ölməsi barədə xəbər yaysa da, onların ölümü hələ təsdiqini tapmayıb.

 

Seçilən
65
heftelik.az

1Mənbələr