AZ

Seyfəddin Hüseynli: Meyitlərin Azərbaycana gətirilməsi təhlükəlidir, işgəncələr davam edir

BAKI, 28 iyun. TELEQRAF

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlıların yaşadığı 10-dan çox mənzilə basqın nəticəsində Səfərovlar ailəsinin nümayəndələri – Ziyəddin Səfərov, Hüseyn Səfərov və əmioğlumuz Kamal Səfərov qətlə yetirilib.

Teleqraf xəbər verir ki, bu sözləri İTV-nin müxbirinə qətlə yetirilmiş şəxslərin qardaşı Seyfəddin Hüseynli deyib.

Onun sözlərinə görə, basqın nəticəsində ağır bədən xəsarəti alanlar var, həmçinin doqquz nəfər saxlanılıb.

“Dünən günorta saatlarından etibarən xalqımız, mən və doğmalarım ağır bir müsibətin təsiri altındayıq. Uzun illərdən bəri Yekaterinburqda yaşayan onlarla azərbaycanlı Rusiyanın qaniçən polis rejiminin qurbanı olub. Onların arasında qardaşlarımla yanaşı digər azərbaycanlılar da var. Gecə saatlarında qəfildən evlərinə basqın edib, ailə üzvləri də daxil olmaqla hamısına isgəncə verib, sonra da naməlum istiqamətə aparıblar”.

Seyfəddin Hüseynli qeyd edib ki, bu hadisə şəxsi faciə deyil, milli, siyasi və insanlıq baxımından törədilmiş cinayətdir.

O, hadisənin səbəblərinin 25 il əvvəlki qətl hadisəsiylə əlaqələndirilməsi məsələsinə də münasibət bildirib: “İstənilən hadisədə səbəb nə olur-olsun, məhkəmə qarşısına çıxarılmadan, əsaslı sübutlar olmadan insanlarla bu cür davranmaq olmaz. 25 il əvvəl hansısa hadisə baş veribsə, insanları sivil qaydada çağırıb araşdıra bilərdilər. Ağır bir terror təşkilatının, cinayətkarların üstünə gedirmiş kimi gecə saatlarında insanlarla bu cür vəhşicəsinə davranmaq insanlığa ziddir. Təəssüf ki, 21-ci əsrin Rusiyasında biz hələ də belə cinayətkar davranışlar görürük. Bu, şəxsi zəmindən çıxır, bu artıq bizim xalqa verilən gözdağı, oradakı diasporumuza tutulan divandır. Bu, bu bizim millətimizə və dövlətimizə qarşı bir təhdiddir”.

Seyfəddin Hüseynli bildirib ki, bir saat əvvəl bizim dövlət qurumlarımız və Yekaterinburqdakı diaspor və konsulluq hərəkətə keçib, Rusiya tərəfinə lazımi təzyiqlər göstərilib:

“Bundan sonra Rusiya tərəfinin bizim oradakı insanlara davranışında bir qədər yumşalma olub. Ən azı, yaralılara tibbi yardım təşkil olunub”.

Onun sözlərinə görə, hazırda cəsədlərin Azərbaycana verilməsi təhlükəlidir.

“Cəsədlərin qaytarılması ilə bağlı konkret bir addım yoxdur. Hətta ehtimal da yoxdur. Bizim orada hələ işgəncə altında olan insanlarımız var. Açığı, mən bizim insanların hələ də orada həbsdə, işgəncədə ola-ola cəsədlərin Azərbaycana gətirilməsində təhlükə görürəm. Çünki diqqətləri yayındırıb sağ qalan insanlara işgəncə verə bilərlər. Nəticədə onlar da ölər” - Seyfəddin Hüseynli vurğulayıb.

Seyfəddin Hüseynli mediada öldürülən şəxslərin sayı ilə bağlı ziddiyyətlərə də aydınlıq gətirib: “Bilirsiniz, onlara evlərində işgəncə veriblər, sonra da müxtəlif istiqamətlərə aparılıb, talelərindən xəbərimiz yoxdur. Məndəki məlumatlara görə, iki qardaşım və Kamal Səfərov öldürülüb. Yarım saat əvvəl daha iki soydaşımızın da ölüm xəbərini almışam. Ümumilikdə beş nəfərin öldürüldüyü haqqında məlumat var”.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr