AZ

Rusiyada OMON-çuların döydüyü şəxs: "Anamın başını divara vurub, atamın dırnaqlarını çıxarıblar"

"Atamı o qədər döyüblər ki, polis idarəsində tanıya bilməyiblər".

Redaktor.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində maskalı şəxslərin hücumuna məruz qalaraq saxlanılan azərbaycanlı Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.

O, evlərinə dəhşətli basqın zamanını belə xatırlayır:

"Dünən səhər saat 6-da (Bakı vaxtı ilə saat 5:00 - red.) evdə yatmışdıq. Bir də gördük ki, qapını dağıdırlar. Anam və bacım qışqırdı ki, qapını qırırlar. Atam məni yuxudan oyatdı ki, qapını açım. Gözlükdən çölə baxmaq istədim, gördüm ki, gözlüyü bağlayıblar, heç kim görünmür. Anam pəncərədən baxıb qışqırdı ki, 10 nəfər maskalı adamdır. Başladılar qapını qırmağa. Qapını qırdılar, girdilər evə. Girən kimi atamı vurub yıxdılar yerə. Sonra keçdilər bizim otağa. Otaqda anam, mən və bacım idik. Bizə hücum eləyib anamın başını divara vurub yıxdılar yerə. Bacımın qolundan tutub atdılar çölə. Bacım onlara yalvardı ki, anamın başı divara dəyib, ona dərman verim. Dedilər, yox. Sonra məni yerə uzadıb, başladılar amansızlıqla döyməyə. Sonra qoluma qandal vurub qaldırdılar göyə. Qollarımı qandalda burub qırmaq istəyirdilər. Qışqırmağıma fikir vermirdilər. Ancaq soruşurdular ki, atan kimi döyüb, kimi öldürüb? Dedim ki, mənim atam heç kimi öldürməyib, mən heç nə bilmirəm. Dedilər ki, atan kriminal avtoritetlərlə əlaqədə olub.

Məni elə işgəncə ilə döyürdülər ki, nə anamın, bacımın qışqırığına, nə də mənim qışqırmağıma fikir verirdilər. Qollarım qandallı burub qaldırırdılar yuxarı. Dedilər ki, səni elə vəziyyətə salacağıq ki, atan eləmədiyi cinayəti boynuna götürəcək. Dedilər ki, ya atan cinayəti boynuna almalıdır, ya da səni ölənə qədər döyəcəyik. Təpiklə ağzıma, burnuma vururdular, qollarımı əks istiqamətə dartırdılar".

R.Səfərov deyir ki, maskalı şəxslər onu döyərkən, hətta izi də itirirdilər:

"Məni o qədər döydülər ki, ağzımdan və burnumdan dayanmadan qan gəlirdi. Sonra mənə nəm dəsmal verdilər ki, atamı və məni döydükləri yerə tökülən qanları silim. Düşünürdülər ki, onlar gedəndən sonra həmin qan izlərini çəkib paylaşaram. Ona görə də məni döyə-döyə məcbur edib yerdəki qan izlərini sildirdilər.

Sonra başladılar mənim və ailəmizin gözünün önündə atamı vəhşicəsinə döyməyə. Atamı döyə-döyə tələb edirdilər ki, desin Paşayevi tanıyıram. Atamı o qədər döydülər ki, ayaq üstə dura bilmirdi. Sürüyə-sürüyə götürüb apardılar polis idarəsinə.

Atama polisdə daha çox işgəncə veriblər. Orada atama dayanmadan elektrik cərəyanı veriblər, dırnaqlarını qırıb çıxarıblar, olmazın işgəncələr veriblər. Rusiyanın Yekaterinburqdakı diasporumuzun sədri Şahin müəllim polisə gedəndə atamı görüb, tanımayıb. O qədər döyüblər ki, atam tanınmaz halda olub.

Balaca əmimi o qədər döyüb elektrik cərəyanına veriblər ki, huşu başından gedib. Balaca əmimi azyaşlı uşaqları ilə təhdid ediblər. Əmilərimin birinin çənəsini sındırıblar, birinin 4 dişini qırıblar. Böyük əmim Akif Səfərovun evində nə qədər pul varsa, hamısını aparıblar. Akif əmimin oğlu nişanlıdır, əmim onun üçün qızıllar almışdı. Bütün qızılları yığıb aparıblar. Hamamdan qadın saç fenini götürüb qızdırıb, əmimin kürəyini və barmaqlarını yandırıblar".

Seçilən
25
3
redaktor.az

4Mənbələr