AZ

Məhərrəm ayını necə keçirməliyik?

BAKI, 28 iyun. TELEQRAF

İyunun 26-da Məhərrəm ayı başladı. Müsəlman dünyasında Məhərrəm ayının xüsusi yeri var, çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.

Məhərrəm ayının fəziləti nədən ibarətdir? Bu ayda toy etmək günahdır? Ayı necə keçirmək lazımdır?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Teleqraf-a açıqlamasında bildirib ki, Məhərrəm ayının Aşura günündə qanvermə aksiyaları keçirilir.

Onun sözlərinə görə, aksiyalar Əjdər bəy, Təzə Pir, həmçinin digər məscidlərdə keçirilir.

F.Nurullayev bu ayda insanın bir çox adət və qanunlara əməl etməli olduğunu deyib:

“Ayın böyük fəziləti var, hər işi etmək olmaz. Adətən, dava-dalaş, kimisə küsdürmək olmaz, bunlardan uzaq durmaq lazımdır. Şəhidliyin yad olunduğu bir aydır. İnsanlıqla bağlı xüsusi günləri var və həmin günlərdə insanlar ehsan süfrələri açır, məscidlərdə moizələrə qulaq asır, çoxlu savab iş görürlər.

İnsanlar şəhid ailələrinə baş çəksinlər, onların adlarına xətir xeyirxah işlər görsünlər, qazilərə dəstək olsunlar. Ayın ən gözəl fəzilətləri bunlardır”.

O, Məhərrəmlik ayının tarixinin insanlıqdan, yəni Adəm peyğəmbərin zamanından var olduğunu deyib.

“Nuh peyğəmbərin gəmisinin tufandan xilas olması Aşura gününə təsadüf edir. Adəm peyğəmbərin əfv olunması, Yusif peyğəmbərin zindandan xilas olması, Musa peyğəmbərlə bağlı gün də bu aydadır. Bir çox peyğəmbərlərlə bağlı gün var.

İslam tarixində milad təqviminin 680-ci ilində xanım Zəhranın oğlu İmam Hüseynə qarşı Yezid tərəfindən soyqırım baş verib. Hadisə nəticəsində İmam Hüseyn, onun övladları, qardaşları və doğmaları qətlə yetirilib. Əsir alınan doğmalarına işgəncələr edilib. Bu hadisə islam tarixində özünəməxsus iz qoyub və bu tarix yaşanır. Hər il müsəlman dünyasında həmin gün bütün şəhidlər yad edilir, ruhlarına dualar oxunur”, - o əlavə edib.

Məhz bu səbəbdən bu ayda toylar da təxirə salınır.

“Azərbaycanda insanların 90%-dən çoxu Məhərrəm ayında toy etmir. Müsəlman olan heç bir şəxs həmin vaxt toy etməz, eyş-işrətlə məşğul olmaz. İslamdan, dindən uzaq adamlara isə heç nə deyə bilmərik.

Məhərrəm ayının fəzilətindən maksimum istifadə etmək, mənəviyyatımızı qidalandırmaq lazımdır. Nə qədər savab qazanmaq mümkündürsə, qazanaq”, - o bildirib.

Seçilən
14
teleqraf.com

1Mənbələr