Bu gün Azərbaycan milli mətbuatının əsasını qoymuş, maarifçi və ziyalı Həsən bəy Zərdabinin anadan olmasından 188 il ötür.
Avtosfer.az xatırladır ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. O, ilk təhsilini mollaxanada alıb, orta məktəbi Tiflisdə bitirib. Daha sonra Moskva Universitetinə qəbul olunaraq təbiət elmləri üzrə ixtisaslaşıb.
1869-cu ildən etibarən Bakı şəhərində rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edən Həsən bəy Zərdabi maarifçilik və mədəni həyatın inkişafı üçün fəal çalışıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını səhnəyə qoyaraq Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında da yaxından iştirak edib.
Zərdabinin ən böyük tarixi xidməti isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi"nin nəşrə başlaması olub. Sadə xalqın maariflənməsinə xidmət edən bu qəzet cəmi iki il fəaliyyət göstərə bilib və 1877-ci il sentyabrın 29-da çapı dayandırılıb.
O, həmçinin 1880-1890-cı illərdə o, "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" kimi dövrün nüfuzlu qəzetlərində Azərbaycan və rus dillərində elmi-kütləvi məqalələrlə çıxış edib.
Ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Onun məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu böyük maarifçinin adını daşıyır.