“Səhər saat 6 radələrində maskalı, qara geyimli şəxslər özlərini təqdim etmədən qapını qırıb, əmim oğlanlarının evinə daxil olublar. Həmin an qapıya gələn əmim gəlininə şillə vurub yıxıblar. Bundan sonra evdəki kişiləri dubinka, təpik, lomla döyüb, başlarında stol sındırıblar”.
Bu sözləri Globalinfo.az-a Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların əmisi oğlu İlqar Səfərov deyib. Onun sözlərinə görə, eyni anda 6-7 evə basqın edilib: “Ən qəddar hadisələr əmilərimin və onların övladlarının başına gətirilib. Nələr yaşadığımızı, keçirdiyimiz hissləri Allah bilir. Bir müddət əvvəl əmimin ürəyinə stent qoyulmuşdu. Onu da döyüb, toka veriblər. İşgəncəyə tab gətirməyib, ürəyi dayanıb. Son anda xəstəxanaya çatdırılıb, hazırda əməliyyat edirlər”.
İlqar Səfərov 2001-ci ildə baş verən qətlin bu ailəyə aidiyyəti olmadığını bildirib: “Deyirlər, guya 25 il əvvəl qətl törətmisiniz. Məcbur edirlər ki, cinayəti üzərinizə almalısınız. Bunlar da məlumatsız olduqlarını dedikdə Məzahir əmimi döyüb, uşaqlarının gözü önündə toka veriblər, Ayaz əmimin dırnaqlarını çıxarıblar, işgəncə veriblər. Hətta iki qardaşı əzab verərək öldürüblər. Məcbur edirlər ki, ölüm işini boyunlarına alsınlar. Onlar da etmədikləri hadisəni niyə boyunlarına götürsünlər axı?!” Müsahibimiz deyir ki, əmisi nəvələrinə də işgəncələr verilib: “Məzahir əmim görüb ki, uşaqlara işgəncə verirlər, deyib dəyməyin, mən qətli üzərimə götürməyə hazıram. Həmin əmin də ağır vəziyyətdə, qabırğaları sındırılmış halda xəstəxanadadır”. İlqar Səfərov əmisinin kafesinə də basqın edildiyini deyib: “Geyimlərində “Russkaya obşina” yazılan şəxslər gəliblər “Kaspiy” kafesinə və özlərini təqdim etmədən orada olan insanları yerə uzadıblar.
Bundan sonra orada olan kameraları sındırıb, orada olan insanları lomla döyməyə başlayıblar. Kafeyə qonaq gələn bir oğlanın gözünə lomla necə vurublarsa, pis gündədir, əməliyyat olunmalıdır, ofisiantın iki dişini sındırıblar, üst çənəsi qırılıb. Kafenin sahibinin oğlunu alçaldıblar, ələ salaraq ona kabab bişirtdirib yeyiblər, pivə içiblər. Həmin an hamı yerdə uzanıqlı vəziyyətdə olub, bir əmim nəvəsindən başqa. O da qulluq etdikdən sonra deyiblər ki, atana 10 il iş verəcəm, kababın yaxşı idi.
Bunu dedikdən sonra lomu götürüb uşağın belinə vurub. Hələ evləri talan etmələrini, maşınların sənədlərini, pul, qızıl və digər əşyaları aparmaqlarını demirəm”.
Yaxın dəqiqələrdə zərərçəkmişlərin görüntülərini bölüşəcəkəyik.