Rusiyada OMON-çular tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovlarla bağlı yeni detallar məlum olub.
Məlumata görə, qardaşlar Yekaterinburqda "Kaspiy" kafesinin sahibi olublar. Onların adı hallanan cinayət işi də bu kafenin qarşısında baş verib. Belə ki, 2001-ci ildə azərbaycanəsilli Yunis Paşayev məhz bu kafenin qarşısında mətbəx bıçağı ilə qətlə yetirilib.
"İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, maskalı şəxslər mənzilə hücum etdilər". Bunu Oxu.Az-a Yekaterinburqda hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyib.
O bildirib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar:"Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım, gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Dedilər ki, üçə qədər sayırıq, qapını açmasanız, qıracağıq. Mən qapını açmağa macal tapmamış, qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar yerə, çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə-sürüyə gətirib "QAZel" markalı mikroavtobusda ayaq altına atdılar. Sürüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayağa qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə-sürüyə atdılar maşına. Sonra yenə "QAZel"də yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə-döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kameraya saldılar, atamı ayrı kameraya. Kameraya salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Dedim ki, mən 1997-ci il təvəllüdəm, 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən, boynuna al".
R.Səfərov deyir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər:
"Dedilər ki, ya sizi döyə-döyə öldürəcəyik, ya da Ukraynaya müharibəyə göndəririk. Mən bildirdim ki, 2018-ci ildə Rusiya vətəndaşı kimi hərbi xidmətdə olmuşam. Dedilər ki, fərqi yoxdur. Sonra yenidən başladılar bədənimizə elektrik cərəyanı verməyə.
Sonra məni qardaşımdan ayırıb, dəhlizdə uzandırdılar. Dəhlizdən keçən hər kəs məni vurub üstümdən keçirdi. Başıma, bədənimə, qarnıma təpiklə vurub keçirdilər.
Sonda məni ayağa qaldırıb dedilər ki, qol çək, səni Ukrayna döyüşlərinə göndəririk, ya orada öləcəksən, ya da polis bölməsində döyəcəyik. Sənədləşmə aparırdılar ki, məni və qardaşımı Ukrayna döyüşünə göndərsinlər. Elə bu vaxt Azərbaycanın Yekaterinburqdakı Diasporunun sədri Şahin Şıxlinski gəlib, bizi onların əlindən aldı. Yoxsa bizə qol çəkdirib Ukrayna müharibəsinə göndərəcəkdilər. Şahin müəllim danışıqlar aparıb məni və qardaşımı azad etdi. Hazırda yeriməyə çətinlik çəkirəm".
Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. KİV-in yaydığı məlumata görə, hadisə nəticəsində öldürülən azərbaycanlıların sayı 5-ə çatıb. Bunlar Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərovdur.
ZÜMRÜD