AZ

Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?

Yekaterinburqda baş verən son hadisələr Rusiyada milli və dini zəmində sistemli ayrı-seçkiliyin və şovinizmin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın Ağdam rayonundan olan, illərdir Rusiyada yaşayan və restoran biznesi ilə məşğul olan Səfərovlar ailəsinə qarşı FSB-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində artıq beş nəfər həyatını itirib. Bu hadisə təsadüfi deyil və Rusiyada miqrantlara, xüsusilə də müsəlman xalqlarına qarşı tətbiq olunan basqı siyasətinin bariz nümunəsidir.

OMON.jpg

Hadisə zamanı Səfərov Ayaz Möhbalı oğlu və Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.

Fotoda: Məzahir Səfərov

MEZAH.png

Onlardan əvvəl Hüseyn və Ziyəddin Səfərov qətlə yetirilmiş, daha 9 nəfər saxlanılmışdı. Onların hamısı bir ailənin üzvləri — qardaşlar və əmioğlularıdır. Əməliyyatın səbəbi kimi 2001-ci ildə baş vermiş, hüquqi olaraq sübuta yetirilməmiş bir qətl hadisəsi göstərilsə də, belə genişmiqyaslı zorakı əməliyyat və nəticədə beş nəfərin ölümü, əslində məqsədin başqa olduğunu göstərir.

Fotoda: Bakir Səfərov (solda), Ziyəddin Səfərov (sağda)

ZİYED.jpeg

Rusiyada hazırkı hakimiyyətin milli siyasəti son illər ərzində qeyri-rus xalqlara qarşı artan təzyiqin, diskriminasiyanın və islamofobiyanın sistemli hala gəldiyini sübut edir. Müharibə aparmaq üçün insan resursu çatışmazlığı yaşayan Kremlin son illərdə miqrantlara yönələn siyasəti məhz bu boşluğu doldurmağa hesablanıb. Əfqan, tacik, özbək, azərbaycanlı və çeçen əsilli gənclər müxtəlif şantaj, təhdid və saxta cinayət ittihamları ilə müharibəyə cəlb olunurlar. Onlara qarşı narkotiklərlə şər atmaq, ailə üzvlərini təhdid etmək kimi metodlar tətbiq olunur. Razılaşmaqdan imtina edənlərə qarşı isə zorakılıq və təzyiqlər göstərilir.

Yekaterinburqda baş verənlər bu siyasətin növbəti mərhələyə keçdiyini göstərir: artıq Rusiyada yaşayan və tam hüquqlu vətəndaş olan azərbaycanlılara qarşı da “məqsədli hədəfləmə” tətbiq olunur. Bu təkcə bir ailənin faciəsi deyil, Azərbaycan diasporasına açıq mesajdır. Hadisənin planlı şəkildə həyata keçirildiyini göstərən məqamlar çoxdur. Bu gün Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, amma bu kütlə arasında xüsusi seçilmiş bir ailəyə qarşı ölümcül əməliyyatın keçirilməsi Moskvanın bu mövzuda hansı hədəfləri güddüyünə işarə edir.

ALEKS

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin son etirafları da göstərdi ki, miqrantlar “kütləvi surətdə” orduya cəlb edilir. Lakin bu rəsmi etiraflar belə baş verənlərin qanunsuzluğunu və insan haqları pozuntularını ört-basdır edə bilmir.

Son dövrlər Azərbaycanın informasiya resurslarına qarşı təşkil olunan kiberhücumlar, Rusiya ərazisində azərbaycanlı deputat Azər Badamovun tədbirə buraxılmaması, Səfərovlar ailəsinə qarşı həyata keçirilən zorakılıq — bütün bunlar Rusiyada Azərbaycana qarşı formalaşan sistemli mövqenin tərkib hissəsidir.

Azərbaycan cəmiyyəti hələ də mülki təyyarəsinin vurulmasını unutmayıb.

AZAL

Bu hadisədə Rusiyanın susqunluğu və “tərəfsiz müşahidəçi” rolu oynaması Azərbaycanda ciddi qıcıq doğurub. Hazırda bu məsələ beynəlxalq məhkəmələrdə qaldırılır və günahkarların cəzalandırılması, zərərçəkmiş ailələrə kompensasiya ödənilməsi istiqamətində proses davam edir.

Rusiyada baş verənlər sadəcə etnik və ya hüquqi məsələ deyil. Artıq bu, ideoloji və siyasi xətt halını alıb. Qərbə qarşı bütün istiqamətlərdə uduzan, Ukraynada bataqlığa düşən və çıxış yolu axtaran Rusiya yeni “düşmən” obrazı formalaşdırır. Bu düşmən həm daxilidə – qeyri-rus və müsəlman xalqlar arasında axtarılır, həm də xaricdə — Cənubi Qafqazda yenidən münaqişə ocaqları yaratmaqla yeni təsir vasitələri əldə edilmək istənilir.

Ermənistanda revanşizm, radikalizm və Rusiya yönlü təxribatçı siyasətin güclənməsi də bu prosesin nəticəsidir. Koçaryan və Sarkisyan kimi fiqurların yenidən aktivləşməsi, Moskvanın səssiz dəstəyi ilə həyata keçirilən ritorik dəyişikliklər bölgədə gərginliyin yenidən alovlanması üçün zəmin hazırlayır.

Bu mənzərədə Solovyov kimi Kremlə bağlı təbliğatçıların açıq anti-Azərbaycan ritorikası və İslam dünyasına qarşı çıxışları Rusiyada yalnız azərbaycanlıların deyil, ümumən müsəlmanların hədəfə çevrildiyini göstərir.

SOLOV.jpg

Bugünkü Rusiya — artıq post-sovet dövrünün federativ dövləti deyil. Bugünkü Rusiya — etnik rus millətçiliyinin dövlət ideologiyasına çevrildiyi, digər xalqlara qarşı isə ya təzyiq, ya assimilyasiya, ya da fiziki zorakılıq strategiyasının tətbiq olunduğu bir rejimdir.

Çünki bu məsələ təkcə bir əməliyyat deyil. Bu, Rusiyada azərbaycanlılara qarşı formalaşdırılan sistemli təzyiq mexanizminin bariz nümunəsidir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr