AZ

Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər: Səbəblər və nəticələr TƏHLİL

Bakı, 28 iyun, Rabil Kətanov, AZƏRTAC.

Müharibənin öz qanunları var - yazılmış və yazılmamış. Müharibə dövründə qanunlar kəskinləşir ki, buna da təbii yanaşılır və cəmiyyət tərəfindən başa düşülür: ölkə müharibə vəziyyətindədir, qanunların sərtləməşi labüddür. Rusiyanın da müharibə apardığı bir zamanda cəmiyyəti daha sıx konsolidasiya etmək üçün qanunlarını sərtləşdirməsi aydın məsələdir. Rusiya kimi çoxsaylı etnik azlıqların yaşadığı və olduqca böyük bir coğrafiyanı əhatə edən ölkənin narazı vilayətlərini də nəzərə alsaq polisin reydləri də aydın olur. Aydın olmayan isə ondan ibarətdir ki, Rusiya niyə bu “qanun sərtləşməsi” məsələsini siyasiləşdirir, təzyiq vasitəsi kimi istifadə edir. Bu gün Rusiyada həyata keçirilən daxili siyasət 1930-cu illərin Almaniyasını xatırladır. “Total təbliğat” və “total nəzarət”. Hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Rusiyada heç də hər kəs Ukrayna ilə müharibəni dəstəkləmir. Rusiya daxildə cəmiyyətə qarşı qanunları sərtləşdirərək təzyiq etdiyi kimi, xarici siyasətində də eyni üsuldan istifadə edir.

Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri də digər diasporlar kimi tez-tez təzyiqlərə məruz qalır. Lakin iyunun 27-də Yekaterinburq şəhərində Rusiya polisinin xüsusi təyinatlı dəstəsinin törətdiyi əməl ağır cinayət tərkibinə malikdir. Açıq-aşkar heç bir günahı olmayan azərbaycanlılar polis tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Rusiyanın Marqarita Simonyan kimi muzdlu təbliğatçısının vaxtilə dediyi “İsti müharibədə Rusiya Ukrayna üzərində 2 günə qələbə qazanar” tezisi özünü doğrultmadı. Artıq 4-cü ildir ki müharibə davam edir, hələ də Rusiyanın Ukrayna şəhərlərini dağıtmaqdan başqa nəzərə çarpacaq qələbəsi görünmür. Qərbdən əsaslı dəstək alan Ukrayna yaxşı müdafiə olunur və müharibə uzanır ki, bu da Rusiya iqtisadiyyatını və insan resurslarını məhvə doğru aparır. Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, əhalinin onsuz da zəif olan sosial vəziyyətini daha da ağırlaşdırıb. İllik inflyasiya 11,13 faiz təşkil edir. Dollar rublu 100 faiz üstələyib. Rusiya Avropa qaz bazarının 26 faizini əlində saxlayaraq milyardlarla dollar gəlir qazanırdı. Bu gün bu rəqəm 5 faizə enib. Müharibə dövründə oliqarxların övladlarının Avropa və Asiyanın məşhur istirahət mərkəzlərində əylənməsi, həmin məkanlardan paylaşdıqları foto və videolar sosial şəbəkələrdə geniş narazılıqla qarşılanır. Halbuki ön cəbhəyə göndərilən və ölümlə üz-üzə qalanlar əsasən milli azlıqlardır. Bu vəziyyət isə etnik tərkibli muxtar qurumlarda birmənalı qarşılanmır və ciddi narahatlıq doğurur.

Səfərbərlik zamanı gənclərin heç bir ayrı-seçkilik aparılmadan, zorla döyüşə göndərilməsi, böyük itkilər bahasına kiçik bir şəhərin alınması kimi halları “uğur” kimi təqdim etmək, əslində, cəmiyyətin artan narazılığını daha da dərinləşdirir. Lakin Rusiya televiziyaları bu narazılıqları görməzdən gəlir və əsl problemlər ətrafında müzakirə aparmaq əvəzinə, yeni “düşmən obrazı” axtarışına çıxırlar. Klassik imperiya siyasəti yenidən işə salınıb: əvvəlcə süni münaqişə yaradılır, qan tökülür, sonra isə Rusiya özünü “sülhməramlı” kimi təqdim edərək səhnəyə çıxır. İctimai rəyə təsir etmək üçün isə təbliğat vasitələri hərəkətə gətirilir. Guya Rusiya xarici ölkələrdəki rusları müdafiə edir, sülh missiyası həyata keçirir və oxşar absurd iddialar irəli sürülür. Əslində isə Rusiya hələ də keçmiş SSRİ respublikalarını müstəqil dövlətlər kimi qəbul etmək istəmir. Onlara yuxarıdan aşağı baxır, hərbi və siyasi təzyiqlər göstərir, bu ölkələrə hələ də özünün keçmiş koloniyaları kimi yanaşır.

İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə yaradılan Qarşılıqlı İqtisadi Yardım Şurası və 1955-ci ildə təsis olunan Varşava Müqaviləsi Təşkilatına üzv olan Şərqi Avropa ölkələri SSRİ-nin əsas müttəfiqləri sayılırdı. Bu müttəfiqlik, əslində, Çexoslovakiyada 1968-ci ildə və Macarıstanda 1956-cı ildə yüzlərlə insanın qanı bahasına başa gəlmişdi. SSRİ dağıldıqdan sonra isə həmin ölkələrin heç biri Rusiyanın yanında dayanmağı qəbul etmədi. Tarix sübut edir ki, xalqları uzun müddət zor və boyunduruq altında saxlamaq mümkün deyil.

Rusiyanın hazırkı siyasətinə və aparılan müharibəyə etiraz olaraq ölkəni tərk edən tanınmış yazıçı Boris Akunin bir müsahibəsində deyib: “Bu gün Rusiya cəmiyyəti məsuliyyətli davranmalı, gələcəyə baxmalı və onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir”. Həqiqətən də, bu gün Rusiya fəlakətə çox yaxın nöqtədədir. Bu fəlakəti önləmək üçün Kremlin yeni münaqişə ocaqları yaratmağa ehtiyac duyduğu açıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyillər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Koçaryan-Sarkisyan cütlüyünün yenidən siyasi səhnəyə qayıtması, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi, bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir.

Bu günə qədər nə SSRİ, nə də onun varisi olan Rusiya müttəfiq hesab etdiyi heç bir dövləti real təhlükə zamanı müdafiə edə bilməyib. Suriyada baş verənlər bunu açıq şəkildə ortaya qoydu. Ondan əvvəl isə İraq, Əfqanıstan, keçmiş Yuqoslaviya, Vyetnam, İran, Şimali Koreya və digər ölkələr təcavüzə məruz qaldıqları zaman Rusiyanın bu dövlətlərə yardım etmək əvəzinə kənarda dayanması diqqətdən yayınmayıb. Rusiyanın bu siyasəti yaxın qonşuların onun ətrafında birləşməsinə imkan vermədi. Əksinə, bu dövlətlər tədricən Moskvadan uzaqlaşmağa başladılar. İnkişafa doğru irəliləyən, iqtisadi uğurlar əldə edən qonşu ölkələr isə Rusiyanın narazılığı və təzyiqi ilə üzləşdilər. Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr sərbəst bazar iqtisadiyyatı və demokratik idarəetmə istiqamətində addımlar atdıqca, Moskva tərəfindən təzyiqlərə məruz qaldılar. Halbuki Rusiya bu dövlətlərin ona real təhlükə yaratmadığını yaxşı anlayır. Məsələn, cəmi 3 milyon əhalisi olan Gürcüstan Rusiyaya hərbi və siyasi baxımdan təhdid ola bilməz. Lakin buna baxmayaraq, Gürcüstanın inkişafını təhlükə kimi qiymətləndirən Rusiya onun ərazisinin bir hissəsini işğal etdi, iqtisadiyyatına zərbə vurdu və ölkəni inkişaf yolundan uzaqlaşdırdı.

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra inkişafın yeni mərhələsinə qədəm qoyub. Dünyanın bütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu gün regionda sabitliyin və dayanıqlılığın nümunəsi – bir növ “sabitlik adası” kimi çıxış edir. Rəsmi Bakı Avropanın təbii qazla təmin edilməsindən tutmuş, Mərkəzi Asiya ilə Avropa arasında strateji tranzit körpüsü roluna qədər bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak edir. Bir çox hallarda isə bu layihələrin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edir. Məhz bu səbəblərdən Rusiya Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlərin bariz nümunəsidir. Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq narkotik alveri, terrorçuluğa dəstək kimi ağır ittihamlarla üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, bütün iri şəhərlərində müşahidə olunur.

“Rusiya ruslar üçündür” şüarı ilə siyasətə atılan populist siyasətçilər islamofob mövqelər sərgiləyir və iddia edirlər ki, guya ölkədə iqtisadi vəziyyətin pisləşməsinə miqrantlar səbəb olur. Onların fikrincə, miqrantlar iş yerlərini tutaraq rusların işsiz qalmasına yol açırlar. Halbuki reallıq tamam fərqlidir - miqrantlar əsasən rusların işləməkdən imtina etdiyi ən ağır və zəhmətli işlərdə çalışırlar.

İnsan itkisi ilə nəticələnən Moskva-Qroznı reysi ilə uçan təyyarənin vurulmasından çox keçməmiş, beş azərbaycanlının polis tərəfindən amansızlıqla qətlə yetirilməsi artıq heç bir məntiqə, qanuna və insani dəyərlərə sığmır. Vladimir Solovyov kimi yalan və qərəzli təbliğatçılar bu vəhşiliyə nə qədər haqq qazandırmağa çalışsalar da, reallıq dəyişmir. Rusiya bu cür repressiv tədbirlərlə nə xalqları, nə də dövlətləri öz ətrafında saxlaya bilər.

Azərbaycanlı deputatın hava limanında saxlanılaraq deportasiya edilməsi, ölkəmizə qarşı təşkil olunan kiberhücumlar, Azərbaycanın ixrac etdiyi məhsullarda guya “zərərli maddələrin” tapılması və digər təxribat xarakterli addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir.

Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Əgər Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq dediyi ölkələrə qarşı bu cür düşmən yanaşmadan imtina etməlidir.

Seçilən
3
4
azertag.az

5Mənbələr