AZ

Putinin killer dəstəsi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün səhəri həmyerlilərimizin Yekaterinburqda işgəncə ilə öldürülməsi barədə xəbərlə açdıq. İlk baxışdan heç bir siyasi fəaliyyəti olmayan bu insanların qətli qəribə görünsə də, hadisələrin inkişafı bu qətlin sifarişli olması və birbaşa ali rəhbərlik, yəni Rusiyanın Prezidenti Putinin sifarişi ilə reallaşması ehtimalı getdikcə təxminlərimizi doğruladı.

Putin üçün günahsız insanların qətli artıq adi, hətta siyasi məqsədlər üçün istifadə olunan vasitəyə çevrilib. Ukraynada "ildırımsürətli" qələbə əldə edə bilməyən Putin daxili narazılığı, siyasi və iqtisadi böhranı miqrantlar "ovu" ilə balanslaşdırmağa çalışır. Onun üçün bu "ət qiyməsi"ndə hansı xalqların olması vacib deyil. Ukraynada törətdiyi insanlığa qarşı cinayətlər göz qarşısındadır. Mülki əhalinin bombalanması, qətllər, zorakılıq və uşaqların oğurlanması, hərbi əsirlərə qarşı törədilən işgəncə, alçaltma və qeyri-insani rəftar faktları beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Bunların hər biri Putinin qəddar hakimiyyətinin qorunması və şəxsi mənafe üçün hər gün daha böyük miqyasda davam edir.

Putinin rejimi ilə razı olmayan hər kəs repressiyaya məruz qalır və məhv edilir.

Putinin quldur və killer dəstəsi OMON isə mafiya qaydaları ilə başçının əmrini qısa müddətdə və xüsusi amasızlıqla yerinə yetirir. Hazırda Yekaterinqburqda onlarla azərbaycanlı əsassız şəkildə həbs olunub. Onların hansı fiziki, mənəvi zorakılığa məruz qalmaları isə göz önündədir.

Putinin Azərbaycana qarşı qanlı siyasəti AZAL təyyarəsinin vurulması anından daha da şiddətləndi. Rəsmi Bakı təyyarənin qəzada deyil, məhz Rusiyanın silahlı qüvvələri tərəfindən vurulmasını açıq səsləndirdikdən sonra Moskva Bakıya hücumlarını gücləndirdi. Bu həqiqətin susdurulması, rəsmi Bakının əzminin qırılması məqsədi daşısa da, təsir əksinə oldu. Bakı təyyarənin vurulmasında günahkarların müəyyən olunub cəzalandırılması tələbini daha da gücləndirdi. "Rusiya evi"nin kəşfiyyat məqsədini müəyyən edərək fəaliyyətinə son verdi. Təbii ki, bu, bütün Rusiyanın çarı Putinin eqosunu zədələməyə bilməzdi. Axı o, mütləq və toxunulmaz hakimdir. Periferiya olan xalq və dövlətlər isə Putin üçün kölə. Lakin Putinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan müstəqilliyini minlərlə can bahasına əldə edib və bunun qiymətini çox gözəl bilir. Üçrəngli Azərbaycan bayrağı bu ərazidən əskik olmayacaq. Bunun üçün sonuncu azərbaycanlı ölsə və öldürülsə belə.

Azərbaycan xalqı tarix boyu şimal qonşusunun ona qarşı törərdiyi qətliam və repressiyaları yaxşı xatırlayır. 20 yanvar, Xocalı faciəsi, Qarabağ müharibəsi yaxın tariximizin qanlı səhifələridir. Bu səhifələrin müəllifi isə Rusiyadır. İmzalar dəyişsə də, Rusiya Azərbaycan xalqının qatilidir. Bu gün Yekaterinburqda baş verən qandonduran hadisənin Putinin ssenarisinin bir hissəsi olduğunu başa düşür və Azərbaycan xalqının bunu bağışlamayacağını deyirik. Rusiyada yaşayan həmyerlilərimizin bu an orada girov saxlanıldığını və onlardan təzyiq vasitəsi kimi istifadə edildiyini də anlayırıq. Lakin Rusiyanın çarı da tarixi çox gözəl bilir və daim tarixdən sitatlar gətirir. O zaman yadına sala bilərik ki, çarlar da zaman-zaman xalq üsyanları ilə devrilib və tarixin qaranlıqlarına gömülüblər.

Kübra Məhərrəmova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
47
oxu.az

10Mənbələr