BAKI, 29 iyun. TELEQRAF
Böyük Britaniyada sağlam qida məhsullarını satmayan supermarketlərə qarşı maliyyə sanksiyaları tətbiq oluna bilər. Bu tədbirlər piylənmə ilə mübarizəyə yönəlmiş yeni hökumət planında nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Böyük Britaniyanın Səhiyyə və Sosial Müdafiə Departamentinin (DHSC) yaydığı məlumata əsasən, “sağlam qidalanma standartı” pərakəndə satış şirkətlərinə və istehsalçılara şamil ediləcək. Bu standart 10 illik strategiya çərçivəsində qidalanma ilə bağlı xəstəliklərin azaldılmasına xidmət edəcək.
Yeni siyasətə əsasən, supermarketlərə sağlam məhsulları daha əlçatan etmək üçün qiymət endirimləri və təşviq kampaniyaları keçirmək kimi konkret hədəflər qoyulacaq. Əgər mağazalar bu tələblərə əməl etməsə, maliyyə cərimələri ilə üzləşəcəklər.
Britaniyanın səhiyyə naziri Ues Striting bildirib ki, əgər artıq çəkidən əziyyət çəkən hər kəs gündəlik kalori qəbulunu 200 vahid azaltsa, ölkədə piylənmə səviyyəsi iki dəfə enə bilər. Ətraf mühitin mühafizəsi naziri Stiv Rid isə qeyd edib ki, vətəndaşların daha sağlam qidalanması təmin olunmalı və eyni zamanda ölkənin ərzaq sektorunun iqtisadi uğuru dəstəklənməlidir.