AZ

ABŞ-də hər il Amerika - Azərbaycan Gənclərinin Forumu keçiriləcək

ABŞ-də hər il Amerika - Azərbaycan Gənclərinin Forumu keçiriləcək.

Bu barədə “Report”un ABŞ bürosuna Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib.

E.Əliyev bildirib ki, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Amerika - Azərbaycan Gənclər Federasiyasının (AAYF) təşkilati dəstəyi ilə keçirilən forumda ABŞ-nin 27 ştat və şəhərində fəaliyyət göstərən, 37 ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələr iştirak edir.

“Ötənilki forum Corc Vaşinqton Universitetində baş tutmuşdu, bu il isə Corc Meyson Universitetində keçirilir. Ötənilki forumun fərqi ondadır ki, həmin forumun iştirakçıları builki forumun təşkilati məsələlərində də yaxından iştirak ediblər. Bundan başqa, Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evi forumun təşkilində daha fəal rol alıb.

Bu il forumun daha interaktiv keçirilməsi üçün çalışmışıq. Azərbaycanlı tələbələr üçün həm yerli, həm də ABŞ-də uzun illərdir fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər tərəfindən müxtəlif panellər, təlimlər təşkil olunub. Birgə fəaliyyət, diaspor fəaliyyəti, qarşılıqlı əlaqələrin qurulması və ən əsası, Azərbaycanla bağların qorunması, milli kimliyin və dəyərlərin saxlanılması forumun əsas mövzularını təşkil edir”, - E.Əliyev bildirib.

Komitə rəsmisi forum iştirakçılarının seçilməsi prosesinə də toxunub: “Təbii ki, ABŞ-də təhsil alan geniş azərbaycanlı tələbə qrupu var. Əvvəlcə forumla bağlı elan verildi və xeyli sayda tələbə iştirak üçün qeydiyyatdan keçdi. Biz təşkilatçılarla birlikdə həmin tələbələrlə müsahibələr apardıq və nəticədə forumda iştirak edən qrup müəyyən olundu. Onların bir qismi artıq bu ölkədə uğur qazanmış məzunlar, digərləri isə təhsillərini davam etdirən tələbələrdir. Hər biri olduqca təcrübəli və istedadlı gənclərdir”.

E.Əliyev əlavə edib ki, forumun hər il keçirilməsi nəzərdə tutulur: “Son illər ABŞ-yə təhsil üçün gələn azərbaycanlı tələbələrin sayı artıb. ABŞ-də federal idarəetmə sistemi olduğu üçün hər ştatın öz qanun və qaydaları var. Bu forum tələbələrin bir araya gəlməsi, qarşılaşdıqları çətinlikləri və onların həll yollarını paylaşması üçün mühüm platformadır. Çalışırıq ki, ABŞ-nin bütün ştat və şəhərlərindən olan gənclərimiz bir-birləri ilə əlaqədə olsunlar”.

Seçilən
31
report.az

1Mənbələr