AZ

Hüseyn Yusubov: Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlər rus şovinizminin nümunəsidir

Tbilisi, 30 iyun, AZƏRTAC

“Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verənlər rus şovinizminin nümunəsidir. Onlar azərbaycanlı olduqları üçün öldürülüblər”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, politoloq Hüseyn Yusubov deyib.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoydu. Dünyanın bütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu gün regionda sabitliyin və dayanıqlılığın nümunəsi kimi çıxış edir. Eyni zamanda, Avropanın təbii qazla təmin edilməsində, Mərkəzi Asiya ilə Avropa arasında strateji tranzit körpüsü rolu oynamaqla bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak edir. Bir çox hallarda isə bu layihələrin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edir. Məhz bu da rəsmi Moskvanın maraqlarına ziddir və buna görə də Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Yekaterinburqda baş verən qətl hadisəsi bu təzyiqlərin bariz nümunəsidir.

“Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq narkotik alveri, terrora dəstək kimi ağır ittihamlarla üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, bütün iri şəhərlərində müşahidə olunur.

Halbuki reallıq tamam fərqlidir - miqrantlar əsasən rusların işləməkdən imtina etdiyi ən ağır və zəhmətli işlərdə çalışırlar.

İnsan itkisi ilə nəticələnən Bakı-Qroznı reysi ilə uçan təyyarənin vurulması, beş azərbaycanlının polis tərəfindən amansızlıqla qətlə yetirilməsi və digər təxribat xarakterli addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir.

Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq dediyi ölkələrə qarşı bu cür düşmən yanaşmadan imtina etməlidir. Əks halda onsuz da qonşuları ilə normal münasibəti olmayan Rusiya özünü pis vəziyyətdə qoyacaq. Rəsmi Moskva bunu nə qədər tez anlasa, bir o qədər onun özü üçün yaxşı olacaq”- deyə, H.Yusubov vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
36
6
azertag.az

10Mənbələr