Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada, qanunsuz narkotik saxlamada və bilə-bilə yalan xəbərçilik etmədə təqsirləndirilən Zamiq Qəribovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şabran Rayon Məhkəməsinin hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı cəzaya aid hissədə dəyişdirilib, cəzanın müddəti 3 ildən 2 il 6 aya endirilib.
İttihama görə, hadisə 2023-cü ildə Şabran rayonu Padar kəndində yerləşən torpaq sahəsində qeydə alınıb.
Belə ki, Zamiq Qəribov yeznəsi, zərərçəkmiş Samir Həmidovun (adı, soyadı şərtidir) torpaq sahəsində şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qəsdən yeznəsi zərərçəkmiş şəxsin başın alın nahiyəsinin və döş qəfəsinin sağ yarısına 6 zərbə endirib.
Bundan başqa, Zamiq Qəribov ümumi təmiz çəkisi 35 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 kiloqramlıq şüşə balona dolduraraq Şabran rayonunun Padar kəndində yaşayan cinayətdən xəbərsiz zərərçəkmiş şəxsin yaşadığı evin həyətindəki qoz ağacının altında basdıraraq gizlədib. O, Samir Həmidovla arasında olan qərəzli münasibətə görə onun hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədilə Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib. Sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı zərərçəkmiş şəxsin yaşadığı evin həyətindən sözügedən narkotik vasitə aşkar edilərək götürülüb.
Kamal Məmmədov