AZ

“Mərkəzdən idarə olunan kampaniyadır”-Deputat

"Rusiyada FTX əməkdaşlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat sadəcə məişət kriminalı deyil. Bu, dövlət zorakılığı, beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Yekaterinburq şəhərində azərbaycanlıların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülərək öldürülməsi barədə danışarkən deyib. Deputat qanlı olayı qətiyyətlə pisləyərək bildirib ki, bu ağır kriminal hadisəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən idarə olunan uzunmüddətli nifrət siyasətinin nəticəsidir:

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən amansızlıq, hüquq-mühafizə adı altında həyata keçirilən qanunsuz zorakılıq faktları Rusiyanın milli konstitusiyasına, həmçinin bu ölkənin imzaladığı beynəlxalq insan hüquqları müqavilələrinə də ziddir. Məhkəmə qərarı olmadan binalara zorla daxil olunması, şəxslərin yerindəcə öldürülməsi və cəsədlərin ailələrə verilməməsi açıq hüquq pozuntusudur".

E.Akimova sosial-psixoloji və ideoloji aspektə toxunaraq əlavə edib ki, Rusiyada "kavkazets" stereotipi hələ də qüvvədədir. Lakin bu, artıq sadəcə etnik nifrət deyil, islamofobiya ilə də müşayiət olunur: "Kremlə yaxın təbliğatçılar, xüsusilə Solovyov kimi şəxslər açıq anti-Azərbaycan çağırışları səsləndirir, müsəlman icmasına qarşı nifrəti körükləyirlər. Təsadüf yoxdur: bu, mərkəzdən idarə olunan nifrət kampaniyasıdır. Faciənin Rusiyanın geopolitik nüfuzuna böyük zərbə vuduğunu xatırladan deputat qeyd edib ki, bu gün Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvaya bağlı qruplar daha sərt revanşist ritorika ilə çıxış edirlər. "Məqsəd aydındır: Cənubi Qafqazı yenidən hərbi qarşıdurma ocağına çevirmək və Azərbaycanın strateji mövqeyini sarsıtmaq. Yekaterinburqdakı hadisələr bu böyük ssenarinin yalnız bir epizodudur".

Onun sözlərinə görə, Rusiyada baş verən bu ağır cinayətə cavab olaraq Azərbaycan yalnız diplomatik bəyanatlarla kifayətlənməməlidir: "Bu məsələ ölkəmizin beynəlxalq hüququn tribunallarında, o cümlədən AİHM-də sistemli şəkildə müdafiə edilməli, diaspor təşkilatlarımız isə hüquqi maarifləndirmə və informasiya müstəvisində daha fəal olmalıdır. Çünki bu, tək bir cinayət hadisəsi deyil - bu, bütün millətin təhlükəsizlik məsələsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr